Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da Karyera Festivalı keçirilir

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı öz işinə başlayıb. Festivalın açılış tədbirində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək son buraxılış kursu tələbələrinə uğurlar arzulayıb. Bildirib ki, ölkədə insan kapitalının inkişafı və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə ATU-da son kurs tələbələrinin əmək bazarına daha mütəşəkkil hazırlanması üçün ənənəvi məzun yarmarkalarının formatı yenilənib və tədbir artıq ikinci ildir ki, Karyera Festivalı şəklində təşkil olunur. Qeyd olunub ki, festival çərçivəsində keçirilən Əmək Yarmarkası, Karyera Forumu, Karyera Təlimləri və infosessiya xarakterli görüşlər tələbələrin real iş mühiti ilə tanış olmasına, əmək bazarının tələblərini birbaşa öyrənməsinə və peşəkar bacarıqlarını inkişaf etdirməsinə xidmət edir.

Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə KOB Evinin direktoru Orxan Abbasov, Kapital Bankın Gəncə filialının direktoru Vüqar Paşayev çıxış edərək Karyera Festivalının işinə və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıblar.

Daha sonra son buraxılış kursu tələbələri Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 745, magistratura səviyyəsi üzrə isə 90-dan çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq onlara təqdim edilən vakansiyalarla tanış olublar. Stendlərdə Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, Regional Turizm İdarəsi, “AzərAlüminium”, “Azersun Holding”, "AZERA Holding", “Azərşəkər”, “AzGranata”, “ATS Food”, Gəncə Tekstil Fabriki, Kapital Bank, ABB, Bank Respublika, "Unibank" kimi bir çox aparıcı banklar və digər müəssisələr yer alıb. Yarmarkada 40-dan çox dövlət və özəl sektor təmsilçisi 400-dən artıq vakansiya təqdim edib.

Qeyd edək ki, iki gün davam edəcək Karyera Festivalı çərçivəsində Əmək yarmarkası ilə yanaşı, nüfuzlu şirkətlərin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri baş tutacaq, sabah isə Karyera Forumu və müxtəlif infosessiyalar keçiriləcək.

 

ATU-da Karyera Festivalı çərçivəsində Karyera Təlimləri keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı öz işini uğurla davam etdirir. Festivalın I günündə Əmək Yarmarkasının ardından Karyera Təlimləri baş tutub. “AzerFon” (Nar), Kapital Bank, “Azersun Holding”, “AzerGold” və “Agro Dairy” kimi nüfuzlu şirkətlərin təcrübəli nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər ATU-nun son buraxılış kursu tələbələri üçün nəzərdə tutulub.

Günboyu davam edən peşəkar inkişaf sessiyalarında “AzerFon” (Nar) MMC-nin Marketinq ünsiyyəti şöbəsinin rəhbəri Aydın İsrafil, qrafik dizayner Emil Rzayev və işə qəbul üzrə eksperti Kərim Rüstəmov, Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin aparıcı mütəxəssisi Aynur Şalbuzova, “Azersun Holding”in işə qəbul və karyera üzrə baş mütəxəssisləri Merac Baharov və Eldəniz Mehdizadə, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov, eləcə də “Agro Dairy”nin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanova təlimçi qismində çıxış edib.

Təlimlər zamanı məzun olmağa hazırlaşan ATU tələbələri aparıcı şirkətlərin nümayəndələrinin real iş təcrübələri ilə tanış olub, əmək bazarının mövcud tələbləri, işə qəbul prosesləri və karyera inkişafı istiqamətində dəyərli məlumatlar əldə ediblər. Sessiyalar interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb və praktiki müzakirələr aparılıb.

 

 

Tyutor hazırlığı kursunu uğurla bitirənlərə sertifikatlar verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) cari il üzrə tyutor hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə bu gün sertifikatlar təqdim edilib.

Tədbirdə çıxış edən Tədri̇si̇n təşki̇li̇ və i̇darə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov kursun əhəmiyyətindən bəhs edərək bildirib ki, tyutor hazırlığı proqramı universitetdə akademik məsləhətçilik sisteminin inkişafına, tələbələrə daha effektiv dəstəyin göstərilməsinə və tədris prosesinin keyfiyyətinin artırılmasına xidmət edir. O, kursu uğurla başa vuran iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Akademik məsləhətçi statusu qazananlara sertifikatları Azərbaycan Texnologiya Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, ümumi işlər üzrə prorektoru Ramin Əliyev və Tədri̇si̇n təşki̇li̇ və i̇darə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov təqdim edib.

Qeyd edək ki, 2026-cı ilin fevralında start verilən və üç ay davam edən kursun sonunda 2 nəfər I dərəcəli, 5 nəfər II dərəcəli, 3 nəfər III dərəcəli sertifikata layiq görülüb. Təlim kursuna təkmilləşdirmə məqsədilə fakültələr üzrə fəaliyyət göstərən tyutorlar da cəlb edilib.

 


Karyera Festivalı çərçivəsində Karyera təlimləri təşkil olunacaq

Azərbaycan Texnologiya Universitetində 14–15 may tarixlərində baş tutacaq Karyera Festivalı çərçivəsində tələbələr üçün ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri təşkil olunacaq.

Festivalın ilk günündə keçiriləcək peşəkar inkişaf sessiyası çərçivəsində “AzerFon” (Nar) MMC-nin Marketinq ünsiyyəti şöbəsinin rəhbəri Aydın İsrafil və qrafik dizayneri Emil Rzayevin təlimləri saat 12:00-da, işə qəbul üzrə eksperti Kərim Rüstəmovun çıxışı isə saat 13:30-da baş tutacaq.

Saat 14:00-da isə Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin aparıcı mütəxəssisi Aynur Şalbuzovanın, “Azersun Holding”in işə qəbul və karyera üzrə baş mütəxəssisləri Merac Baharov və Eldəniz Mehdizadənin, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədovun, eləcə də “Agro Dairy”nin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanovanın təlimçi qismində iştirak edəcəyi sessiyalar keçiriləcək.

Təlimlər zamanı məzun olmağa hazırlaşan ATU tələbələrinin aparıcı şirkətlərin real iş təcrübələri ilə tanış olması, əmək bazarının tələblərini birbaşa öyrənməsi, peşəkar bacarıqlarını inkişaf etdirməsi və gələcək karyera yolunu daha düzgün və məqsədyönlü şəkildə formalaşdırması üçün fürsət yaranacaq.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində son kurs tələbələrinin əmək bazarına daha mütəşəkkil hazırlanması məqsədilə Karyera Festivalı təşkil olunur. Festival çərçivəsində Əmək Yarmarkası, Karyera Forumu, Karyera Təlimləri və  infosessiya xarakterli digər görüşlər baş tutacaq.

 

Karyera Festivalı çərçivəsində Karyera Forumu təşkil olunacaq

Azərbaycan Texnologiya Universitetində (ATU) 14–15 may tarixlərində baş tutacaq Karyera Festivalı çərçivəsində tələbələr üçün Karyera Forumu təşkil olunacaq.

Forumun moderatoru Azərbaycan Texnologiya Universitetinin Universitet–sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev olacaq.

Festivalın ikinci gününə - 15 may tarixinə təsadüf edəcək forumda spiker qismində iqtisadçı Fərhad Pərvizi, KOBİA-nın Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları üzrə regional koordinatoru Anar Əliyev, eləcə də “Garabagh Resort & Spa”nın direktor əvəzi Nicat Məhərrəmov çıxış edəcəklər.

Forum çərçivəsində əmək bazarının mövcud vəziyyəti, sahibkarlıq mühiti, karyera imkanları və gənclərin inkişaf perspektivləri müzakirə olunacaq.

 

 

ATU-nun rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib

 
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov, elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov və Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
 
Universitet rəhbərliyi Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyaraq əziz xatirəsini dərin ehtiramla yad edib.