Azərbaycan Texnologiya Universitetində (ATU) cari il üzrə tyutor hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə bu gün sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən Tədri̇si̇n təşki̇li̇ və i̇darə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov kursun əhəmiyyətindən bəhs edərək bildirib ki, tyutor hazırlığı proqramı universitetdə akademik məsləhətçilik sisteminin inkişafına, tələbələrə daha effektiv dəstəyin göstərilməsinə və tədris prosesinin keyfiyyətinin artırılmasına xidmət edir. O, kursu uğurla başa vuran iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Akademik məsləhətçi statusu qazananlara sertifikatları Azərbaycan Texnologiya Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, ümumi işlər üzrə prorektoru Ramin Əliyev və Tədri̇si̇n təşki̇li̇ və i̇darə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov təqdim edib.
Qeyd edək ki, 2026-cı ilin fevralında start verilən və üç ay davam edən kursun sonunda 2 nəfər I dərəcəli, 5 nəfər II dərəcəli, 3 nəfər III dərəcəli sertifikata layiq görülüb. Təlim kursuna təkmilləşdirmə məqsədilə fakültələr üzrə fəaliyyət göstərən tyutorlar da cəlb edilib.
Azərbaycan Texnologiya Universitetində 14–15 may tarixlərində baş tutacaq Karyera Festivalı çərçivəsində tələbələr üçün ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri təşkil olunacaq.
Festivalın ilk günündə keçiriləcək peşəkar inkişaf sessiyası çərçivəsində “AzerFon” (Nar) MMC-nin Marketinq ünsiyyəti şöbəsinin rəhbəri Aydın İsrafil və qrafik dizayneri Emil Rzayevin təlimləri saat 12:00-da, işə qəbul üzrə eksperti Kərim Rüstəmovun çıxışı isə saat 13:30-da baş tutacaq.
Saat 14:00-da isə Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin aparıcı mütəxəssisi Aynur Şalbuzovanın, “Azersun Holding”in işə qəbul və karyera üzrə baş mütəxəssisləri Merac Baharov və Eldəniz Mehdizadənin, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədovun, eləcə də “Agro Dairy”nin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanovanın təlimçi qismində iştirak edəcəyi sessiyalar keçiriləcək.
Təlimlər zamanı məzun olmağa hazırlaşan ATU tələbələrinin aparıcı şirkətlərin real iş təcrübələri ilə tanış olması, əmək bazarının tələblərini birbaşa öyrənməsi, peşəkar bacarıqlarını inkişaf etdirməsi və gələcək karyera yolunu daha düzgün və məqsədyönlü şəkildə formalaşdırması üçün fürsət yaranacaq.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində son kurs tələbələrinin əmək bazarına daha mütəşəkkil hazırlanması məqsədilə Karyera Festivalı təşkil olunur. Festival çərçivəsində Əmək Yarmarkası, Karyera Forumu, Karyera Təlimləri və infosessiya xarakterli digər görüşlər baş tutacaq.
Azərbaycan Texnologiya Universitetində (ATU) 14–15 may tarixlərində baş tutacaq Karyera Festivalı çərçivəsində tələbələr üçün Karyera Forumu təşkil olunacaq.
Forumun moderatoru Azərbaycan Texnologiya Universitetinin Universitet–sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev olacaq.
Festivalın ikinci gününə - 15 may tarixinə təsadüf edəcək forumda spiker qismində iqtisadçı Fərhad Pərvizi, KOBİA-nın Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları üzrə regional koordinatoru Anar Əliyev, eləcə də “Garabagh Resort & Spa”nın direktor əvəzi Nicat Məhərrəmov çıxış edəcəklər.
Forum çərçivəsində əmək bazarının mövcud vəziyyəti, sahibkarlıq mühiti, karyera imkanları və gənclərin inkişaf perspektivləri müzakirə olunacaq.
Azərbaycan Texnologiya Universitetində (ATU) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası – WUF13 barədə məlumatlandırma məqsədilə Avtomatika, telekommunikasiya və informatika fakültəsinin (ATİ) tələbələri üçün infosessiya təşkil edilib. Tədbirin əsas məqsədi tələbələri dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan WUF13 haqqında məlumatlandırmaq, onların forumun yaratdığı imkanlarla yaxından tanış olmasını təmin etmək olub.
İnfosessiyada ATİ fakültəsinin dekanı Rövşən Hacıyev, Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımov da iştirak edib. Tədbirdə kfedranın əməkdaşları Ayidə Məmmədova və Aysel Vəliyeva çıxış edərək forumun mahiyyəti, əsas məqsədləri və beynəlxalq əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, WUF13 dayanıqlı şəhər inkişafı, innovativ urbanizasiya həlləri, rəqəmsal transformasiya, “ağıllı şəhər” konsepsiyası və ekoloji davamlılıq kimi aktual mövzuları əhatə edən mühüm beynəlxalq platformadır.
Çıxışlarda forumun Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olduğu vurğulanıb, eyni zamanda bu cür tədbirlərin gənclərin qlobal proseslərdə iştirakına, yeni bilik və təcrübələr əldə etməsinə geniş imkanlar yaratdığı diqqətə çatdırılıb. Tələbələrə forum çərçivəsində keçiriləcək panel müzakirələri, sərgilər, innovasiya təqdimatları, startap və texnologiya yönümlü tədbirlər barədə məlumat verilib, xüsusilə informasiya texnologiyaları və rəqəmsal həllərlə bağlı mövzuların ATİ tələbələri üçün maraqlı və faydalı olacağı qeyd olunub.
Tədbir zamanı tələbələrin sualları cavablandırılıb, onların forumda iştirak imkanları, könüllülük proqramları və beynəlxalq mühitdə təcrübə qazanma perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru – universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın ikinci günü uğurla davam edib.
Beynəlxalq Elmi-Praktik Konfrans Qida mühəndisliyi və texnologiyaları; Süni intellekt, elektronika və informasiya texnologiyaları; Tekstil, yüngül sənaye və dizayn; Maşınqayırma, nəqliyyat və logistika; Metallurgiya mühəndisliyi; Rəqəmsal iqtisadiyyat və idarəetmə; Turizm sənayesinin təşkili; Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf; Fundamental elmlər; Multikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid formatda təşkil olunub.
Bölmələrə ATU-nun alimləri sədrlik edib, həmsədr qismində isə Polşa, İsveç, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.
Konfrans çərçivəsində bölmələr üzrə məruzələr dinlənilib, müasir elmi-texnoloji tendensiyalar müzakirə olunub və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin, Türkiyənin Ege Universitetinin Biokimya kafedrasının müdiri Cenk Selcukinin tələbələr üçün seminarı təşkil edilib.
Qeyd edək ki, tədbir 25 ölkə, 88 universitet, 22 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrin iştirakı ilə baş tutub. Konfrans materialları toplusuna 767 (154-ü xaricdən) tezis qəbul edilib.