Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycanın etibarlı inkişaf modeli

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkəmizin uzun illər ərzində formalaşmış investisiya etibarlılığına xüsusi diqqət çəkərək bildirib:

“Transmilli böyük şirkətlərlə iş təcrübəmiz – bu da böyük üstünlükdür. Müsbət investisiya iqlimi. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. Deyə bilərəm ki, burada da nadir təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.” - Bu fikir Azərbaycanın müstəqillik dövründən formalaşdırdığı iqtisadi modelin yeni – rəqəmsal mərhələyə keçidinin məntiqi davamıdır.

 

Müstəqillikdən strateji tərəfdaşlıqlara

 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadi sabitliyin təmin olunması və xarici sərmayənin cəlbi istiqamətində sistemli addımlar atdı. 1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi transmilli şirkətlərlə əməkdaşlığın əsasını qoydu. Bu müqavilə və sonrakı enerji layihələri ölkəyə milyardlarla dollar investisiya cəlb edilməsinə, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə səbəb oldu. Neft-qaz sektorunda formalaşmış etibarlı tərəfdaşlıq modeli beynəlxalq şirkətlər üçün Azərbaycanın sözünə və imzasına sadiq ölkə olduğunu nümayiş etdirdi. Bu amil sonrakı illərdə qeyri-neft sektoruna da sərmayə axınını sürətləndirdi.

 

 Hüquqi baza və investisiya təhlükəsizliyi

 Azərbaycan investisiyaların qorunması üçün müasir qanunvericilik bazası formalaşdırdı, beynəlxalq konvensiyalara qoşuldu və sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratdı. Vergi və gömrük sahəsində islahatlar, sənaye parklarının yaradılması, azad iqtisadi zonaların təşkili ölkənin investisiya cəlbediciliyini artırdı. Xarici və yerli sərmayələrin bərabər qorunması prinsipi iqtisadi siyasətin əsas sütununa çevrildi. Nəticə etibarilə, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulub. Bu göstərici region üçün rekord səviyyədədir və ölkənin sabitlik və etibarlılıq imicini təsdiqləyir.

 

Enerjidən rəqəmsala: yeni mərhələ

 Son illər Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini prioritet elan edərək rəqəmsal transformasiyaya keçidi sürətləndirib. Elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal imza sisteminin tətbiqi, startap ekosisteminin formalaşdırılması, innovasiya mərkəzlərinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması şəffaflığın artmasına, vətəndaş məmnuniyyətinin yüksəlməsinə və korrupsiya risklərinin azalmasına gətirib çıxarıb. Eyni zamanda, beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq, məlumat mərkəzlərinin qurulması və süni intellekt, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi ölkənin yeni rəqəmsal arxitekturasının əsas elementləridir.

 

Qarabağ və Şərqi Zəngəzur – rəqəmsal inkişaf modeli

 İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycanın rəqəmsal inkişaf modelinin real tətbiq nümunəsidir. Müasir infrastruktur, yaşıl enerji həlləri və rəqəmsal idarəetmə sistemləri bu əraziləri regionun innovasiya məkanına çevirir. Bu layihələr bir daha göstərir ki, enerji sektorunda əldə edilmiş idarəetmə və tərəfdaşlıq təcrübəsi artıq rəqəmsal transformasiya sahəsində də tətbiq edilir.

  Azərbaycan 30 ildən artıq davam edən enerji layihələrində formalaşdırdığı etibarlı tərəfdaşlıq modelini indi rəqəmsal dünyaya daşıyır. Müstəqillik dövründə qurulan güclü hüquqi baza, investisiyaların qorunması mexanizmləri, transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi və iqtisadi sabitlik yeni rəqəmsal mərhələnin möhkəm təməlini təşkil edir. Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” yalnız texnoloji yenilənmə proqramı deyil, eyni zamanda, müstəqillikdən bu günə qədər formalaşmış iqtisadi etibarlılıq modelinin müasir davamıdır. Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də rəqəmsal inkişaf istiqamətində regionda aparıcı mövqe tutmağa iddialı strateji mərkəzdir.

 

 

 

Xəyalə Mürsəl

Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinin rəhbəri

 

 

 

 

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumun mövcudluğunu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

İclasda strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov Strateji İnkişaf Planının 2025-ci il üzrə icrasına dair hesabatla çıxış edib.

Daha sonra Keyfiyyətin Təminatı və Audit şöbəsinin müdiri Qədir Novruzov keçirilmiş sorğuların nəticələrinə dair hesabat məruzəsi ilə çıxış edib.

Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov hazırladığı “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi üçün Təlimat” kitabçasının nümunəsini təsdiq üçün Elmi Şuraya təqdim edib. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov isə ştat cədvəlində dəyişiklik təklifi ilə çıxış edib.

 İclasda səsləndirilən məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

 

 

Azərbaycan Texnologiya Universitetinin Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı təşkil olunub. Tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, İnnovasiya Mərkəzinin müdiri Elnur Əhmədov, TEC sədri Aysel Məmmədli, fakültə TEC sədrləri və üzvləri iştirak ediblər.

Konfransda TEC sədri Aysel Məmmədli cəmiyyətin illik elmi fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Daha sonra fakültə TEC sədrləri çıxış edərək TEC-in fakültələr üzrə həyata keçirdiyi fəaliyyətlərdən, əldə olunan nailiyyətlərdən bəhs ediblər. Çıxışlarda TEC-in tələbələrin elmi biliklərinin artırılmasına və intellektual səviyyələrinin yüksəldilməsinə müsbət və səmərəli təsir göstərdiyi xüsusi vurğulanıb, eyni zamanda fəaliyyətin daha da genişləndirilməsi məqsədilə təkliflər səsləndirilib.

Konfrans TEC-in Şura üzvlərinin seçilməsi ilə öz işini yekunlaşdırıb. Ardınca TEC-in yeni tərkibdə ilk iclası keçirilib.

 


ATU əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 09.01.2026-cı il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin (ATU) Ətraf mühitin mühafizəsi kafedrasının əməkdaşı İmmi Əliyevaya 2426.01 – Ekologiya ixtisasında biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Təbrik edirik!

 

Azərbaycan multikulturalizm modeli “Zayed” müstəvisində

Müasir dünyada ksenofobiya, dini dözümsüzlük və etnik münaqişələrin artdığı bir dövrdə humanizm və sülh ideyalarını təbliğ edən liderlərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il üzrə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” (Zayed Award for Human Fraternity) ilə təltif edilməsi, ölkəmizin onilliklər ərzində formalaşdırdığı tolerantlıq mühitinin və dövlət başçısının qlobal sülhə verdiyi töhfələrin beynəlxalq səviyyədə ən yüksək təsdiqidir.

Bu mükafat 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nayanın irsini yaşatmaq məqsədilə təsis edilib. Mükafatın ilk fəxri laureatları elə sənədi imzalayan iki böyük dini lider - Papa FransiskŞeyx Əhməd ət-Tayyeb olublar. Mükafat yalnız sülh bəyanatları verən deyil, bu ideyaları real əməllərə çevirən şəxsiyyətlərə təqdim olunur. İlham Əliyevin bu mükafata layiq görülməsi, onun rəhbərliyi ilə Azərbaycanın fərqli dinlərin və mədəniyyətlərin harmonik şəkildə bir arada yaşadığı nadir bir məkana çevrilməsinin nəticəsidir.

Azərbaycanın bu ali mükafata gedən yolu təsadüfi uğurlardan deyil, düşünülmüş və sistemli bir strategiyadan keçir. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm ölkədə sadəcə bir dözümlülük mühiti deyil, həm də qanunvericiliklə tənzimlənən və dövlət institutları tərəfindən dəstəklənən bir modelə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və ali təhsil müəssisələrində bu sahənin elmi əsaslarla tədris olunması, Azərbaycanın gələcək nəsillərini “insan qardaşlığı” prinsipləri ruhunda yetişdirmək hədəfinin göstəricisidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu institusional yanaşmaya - fərqlilikləri bir zənginlik kimi idarə etmək bacarığına verilən qiymətdir.

Ən mühüm məqamlardan biri Prezident İlham Əliyevin  təşəbbüsü ilə 2008-ci ildən start götürən  “Bakı Prosesi”dir. Bu platforma Şərq ilə Qərb, İslam dünyası ilə Xristian dünyası arasında körpü rolu oynayır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mütəmadi olaraq Bakıda keçirilməsi, Azərbaycanın qlobal humanitar gündəliyi müəyyən edən mərkəzlərdən birinə çevrilməsini təmin etmişdir. “Zayed” mükafatı bu fəaliyyətin qlobal miqyasda nə qədər zəruri olduğunu bir daha sübut etdi.

Dinlərarası harmoniyanın Azərbaycan modeli dünya üçün bir örnəkdir. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanın həyat tərzidir” fəlsəfəsi ölkədəki bütün dini konfessiyaların dövlət tərəfindən bərabər dəstəklənməsində özünü göstərir. Mükafat komitəsi bu təltiflə həm də Azərbaycandakı bu daxili sabitliyi və fərqli inanclara olan dərin hörməti yüksək qiymətləndirmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikanda xristian katakombaların, Fransada kilsələrin,  dünyanın müxtəlif yerlərində dini abidələrin bərpasındakı rolu bu humanitar missiyanın sərhədləri aşdığını və Azərbaycanın bəşəri irsə olan hörmətini nümayiş etdirir.

İnsan qardaşlığı yalnız dözümlü olmaq deyil, həm də çətin anda dəstək olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın humanitar diplomatiyası həm pandemiya dövründə, həm də təbii fəlakətlər zamanı dini və irqi fərq qoymadan onlarla ölkəyə yardım əlini uzatması ilə yadda qalmışdır.

Bu mükafat Prezident İlham Əliyevin Cənubi Qafqazda yeni bir dövr - davamlı sülh və əməkdaşlıq erası yaratmaq səylərini əks etdirir. Otuz illik münaqişədən sonra Azərbaycanın sülh müqaviləsi və regional inteqrasiya təklifləri, intiqam deyil, birgəyaşayış və qardaşlıq prinsiplərinə əsaslanır. Bu cür uzaqgörənlik mükafat komitəsinin diqqətindən yayına bilməzdi, çünki insan qardaşlığı ən çox müharibədən sonrakı bərpa və barışıq proseslərində sınağa çəkilir. 

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə bir siyasi liderin uğuru deyil, bütövlükdə Azərbaycan xalqının əsrlər boyu yaşatdığı tolerantlıq mədəniyyətinin zəfəridir. Bu hadisə Azərbaycanın “yumşaq güc” diplomatiyasını gücləndirir və ölkəmizin beynəlxalq aləmdə dialoq, sülh və qarşılıqlı hörmət rəmzi kimi imicini möhkəmləndirir. Bu mükafat bir daha göstərdi ki, Azərbaycanın təklif etdiyi multikulturalizm modeli bəşəriyyətin gələcək birgəyaşayışı üçün ən optimal yoldur.

 

        Azərbaycan Texnologiya Umiversiteti

İctimai elmlər və multikulturalizm

kafedrasının dos.əv., t.f.d. M.İ.Tağıyeva 

 

 

                   

Azərbaycan Texnologiya Universitetində yeni layihəyə start verilir

🚀 Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzi yeni və innovativ maarifləndirici layihəyə start verir.  Layihə çərçivəsində “Texnologiyanın sirləri” adlı elmi-populyar animasiya şəklində silsilə çarxlar təqdim ediləcək.

 

Süni intellekt əsaslı animasiyada Eynşteyn obrazı ATU tələbələri ilə birlikdə texnologiyanın keçmişinə, bu gününə və gələcəyinə elmi səyahət edəcəklər. Hər bir animasiya seriyası tamaşaçını texnoloji inkişafın mühüm mərhələləri ilə tanış edərək, elmin insan həyatına təsirini sadə, vizual və anlaşılan formada təqdim edəcək.

 

Animasiyada komandanı zaman tunelinə “ATU Car” aparacaq. Qeyd edək ki, “ATU Car” ATU tələbələrinin ötən il ərsəyə gətirdiyi və ictimaiyyətin böyük marağına səbəb olan hibrid avtomobilin süni intellekt vasitəsilə canlandırılmış animasiya obrazıdır. Bu avtomobil simvolik olaraq gənclərin innovativ düşüncəsini, mühəndislik bacarıqlarını və gələcəyin texnologiyalarına açılan yolu təmsil edir. Layihə çərçivəsində aşağıdakı əsas mövzulara toxunulacaq:

 

🔹 Texnologiyanın tarixi və sənaye inqilabları

      •  I Sənaye İnqilabı – buxar maşını, mexaniki istehsal

      •  II Sənaye İnqilabı – elektrik enerjisi, kütləvi istehsal

      • III Sənaye İnqilabı – kompüterlər, avtomatlaşdırma, rəqəmsallaşma

      •  IV Sənaye İnqilabı – süni intellekt, robototexnika, “ağıllı” sistemlər

🔹 Elmin və texnologiyanın təməl icadları

     • Elektrik və elektromaqnitizm

     • Daxiliyanma mühərriki

     • Kompüter və internetin yaranması

     • Peyk texnologiyaları və kosmik tədqiqatlar

     • Biotexnologiya və gen mühəndisliyi

 🔹 Müasir və gələcək texnologiyalar

      • Süni intellekt və maşın öyrənməsi

     • Böyük verilənlər (Big Data)

     • Yaşıl və bərpa olunan enerji texnologiyaları

     • Ağıllı şəhərlər və IoT sistemləri

     • Avtonom nəqliyyat vasitələri və elektromobillər

🔹 Universitet və elmin rolu

 • Ali təhsilin texnoloji inkişafda rolu

 • Elmi-tədqiqat və sənaye əməkdaşlığı

  • Startap mədəniyyəti və innovasiya ekosistemi

 • Gənc mühəndis və tədqiqatçıların formalaşması

Layihənin əsas məqsədi elmi biliklərin geniş auditoriyaya, xüsusilə gənclərə və tələbələrə maraqlı və anlaşılan formada çatdırılması, eyni zamanda ATU-da formalaşan innovativ düşüncə mühitinin nümayiş etdirilməsidir.