Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumun mövcudluğunu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov Strateji İnkişaf Planının 2025-ci il üzrə icrasına dair hesabatla çıxış edib.
Daha sonra Keyfiyyətin Təminatı və Audit şöbəsinin müdiri Qədir Novruzov keçirilmiş sorğuların nəticələrinə dair hesabat məruzəsi ilə çıxış edib.
Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov hazırladığı “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi üçün Təlimat” kitabçasının nümunəsini təsdiq üçün Elmi Şuraya təqdim edib. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov isə ştat cədvəlində dəyişiklik təklifi ilə çıxış edib.
İclasda səsləndirilən məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı təşkil olunub. Tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, İnnovasiya Mərkəzinin müdiri Elnur Əhmədov, TEC sədri Aysel Məmmədli, fakültə TEC sədrləri və üzvləri iştirak ediblər.
Konfransda TEC sədri Aysel Məmmədli cəmiyyətin illik elmi fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Daha sonra fakültə TEC sədrləri çıxış edərək TEC-in fakültələr üzrə həyata keçirdiyi fəaliyyətlərdən, əldə olunan nailiyyətlərdən bəhs ediblər. Çıxışlarda TEC-in tələbələrin elmi biliklərinin artırılmasına və intellektual səviyyələrinin yüksəldilməsinə müsbət və səmərəli təsir göstərdiyi xüsusi vurğulanıb, eyni zamanda fəaliyyətin daha da genişləndirilməsi məqsədilə təkliflər səsləndirilib.
Konfrans TEC-in Şura üzvlərinin seçilməsi ilə öz işini yekunlaşdırıb. Ardınca TEC-in yeni tərkibdə ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 09.01.2026-cı il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin (ATU) Ətraf mühitin mühafizəsi kafedrasının əməkdaşı İmmi Əliyevaya 2426.01 – Ekologiya ixtisasında biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Təbrik edirik!
Müasir dünyada ksenofobiya, dini dözümsüzlük və etnik münaqişələrin artdığı bir dövrdə humanizm və sülh ideyalarını təbliğ edən liderlərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il üzrə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” (Zayed Award for Human Fraternity) ilə təltif edilməsi, ölkəmizin onilliklər ərzində formalaşdırdığı tolerantlıq mühitinin və dövlət başçısının qlobal sülhə verdiyi töhfələrin beynəlxalq səviyyədə ən yüksək təsdiqidir.
Bu mükafat 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nayanın irsini yaşatmaq məqsədilə təsis edilib. Mükafatın ilk fəxri laureatları elə sənədi imzalayan iki böyük dini lider - Papa Fransisk və Şeyx Əhməd ət-Tayyeb olublar. Mükafat yalnız sülh bəyanatları verən deyil, bu ideyaları real əməllərə çevirən şəxsiyyətlərə təqdim olunur. İlham Əliyevin bu mükafata layiq görülməsi, onun rəhbərliyi ilə Azərbaycanın fərqli dinlərin və mədəniyyətlərin harmonik şəkildə bir arada yaşadığı nadir bir məkana çevrilməsinin nəticəsidir.
Azərbaycanın bu ali mükafata gedən yolu təsadüfi uğurlardan deyil, düşünülmüş və sistemli bir strategiyadan keçir. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm ölkədə sadəcə bir dözümlülük mühiti deyil, həm də qanunvericiliklə tənzimlənən və dövlət institutları tərəfindən dəstəklənən bir modelə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və ali təhsil müəssisələrində bu sahənin elmi əsaslarla tədris olunması, Azərbaycanın gələcək nəsillərini “insan qardaşlığı” prinsipləri ruhunda yetişdirmək hədəfinin göstəricisidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu institusional yanaşmaya - fərqlilikləri bir zənginlik kimi idarə etmək bacarığına verilən qiymətdir.
Ən mühüm məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən start götürən “Bakı Prosesi”dir. Bu platforma Şərq ilə Qərb, İslam dünyası ilə Xristian dünyası arasında körpü rolu oynayır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mütəmadi olaraq Bakıda keçirilməsi, Azərbaycanın qlobal humanitar gündəliyi müəyyən edən mərkəzlərdən birinə çevrilməsini təmin etmişdir. “Zayed” mükafatı bu fəaliyyətin qlobal miqyasda nə qədər zəruri olduğunu bir daha sübut etdi.
Dinlərarası harmoniyanın Azərbaycan modeli dünya üçün bir örnəkdir. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanın həyat tərzidir” fəlsəfəsi ölkədəki bütün dini konfessiyaların dövlət tərəfindən bərabər dəstəklənməsində özünü göstərir. Mükafat komitəsi bu təltiflə həm də Azərbaycandakı bu daxili sabitliyi və fərqli inanclara olan dərin hörməti yüksək qiymətləndirmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikanda xristian katakombaların, Fransada kilsələrin, dünyanın müxtəlif yerlərində dini abidələrin bərpasındakı rolu bu humanitar missiyanın sərhədləri aşdığını və Azərbaycanın bəşəri irsə olan hörmətini nümayiş etdirir.
İnsan qardaşlığı yalnız dözümlü olmaq deyil, həm də çətin anda dəstək olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın humanitar diplomatiyası həm pandemiya dövründə, həm də təbii fəlakətlər zamanı dini və irqi fərq qoymadan onlarla ölkəyə yardım əlini uzatması ilə yadda qalmışdır.
Bu mükafat Prezident İlham Əliyevin Cənubi Qafqazda yeni bir dövr - davamlı sülh və əməkdaşlıq erası yaratmaq səylərini əks etdirir. Otuz illik münaqişədən sonra Azərbaycanın sülh müqaviləsi və regional inteqrasiya təklifləri, intiqam deyil, birgəyaşayış və qardaşlıq prinsiplərinə əsaslanır. Bu cür uzaqgörənlik mükafat komitəsinin diqqətindən yayına bilməzdi, çünki insan qardaşlığı ən çox müharibədən sonrakı bərpa və barışıq proseslərində sınağa çəkilir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə bir siyasi liderin uğuru deyil, bütövlükdə Azərbaycan xalqının əsrlər boyu yaşatdığı tolerantlıq mədəniyyətinin zəfəridir. Bu hadisə Azərbaycanın “yumşaq güc” diplomatiyasını gücləndirir və ölkəmizin beynəlxalq aləmdə dialoq, sülh və qarşılıqlı hörmət rəmzi kimi imicini möhkəmləndirir. Bu mükafat bir daha göstərdi ki, Azərbaycanın təklif etdiyi multikulturalizm modeli bəşəriyyətin gələcək birgəyaşayışı üçün ən optimal yoldur.
Azərbaycan Texnologiya Umiversiteti
İctimai elmlər və multikulturalizm
kafedrasının dos.əv., t.f.d. M.İ.Tağıyeva
🚀 Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzi yeni və innovativ maarifləndirici layihəyə start verir. Layihə çərçivəsində “Texnologiyanın sirləri” adlı elmi-populyar animasiya şəklində silsilə çarxlar təqdim ediləcək.
Süni intellekt əsaslı animasiyada Eynşteyn obrazı ATU tələbələri ilə birlikdə texnologiyanın keçmişinə, bu gününə və gələcəyinə elmi səyahət edəcəklər. Hər bir animasiya seriyası tamaşaçını texnoloji inkişafın mühüm mərhələləri ilə tanış edərək, elmin insan həyatına təsirini sadə, vizual və anlaşılan formada təqdim edəcək.
Animasiyada komandanı zaman tunelinə “ATU Car” aparacaq. Qeyd edək ki, “ATU Car” ATU tələbələrinin ötən il ərsəyə gətirdiyi və ictimaiyyətin böyük marağına səbəb olan hibrid avtomobilin süni intellekt vasitəsilə canlandırılmış animasiya obrazıdır. Bu avtomobil simvolik olaraq gənclərin innovativ düşüncəsini, mühəndislik bacarıqlarını və gələcəyin texnologiyalarına açılan yolu təmsil edir. Layihə çərçivəsində aşağıdakı əsas mövzulara toxunulacaq:
🔹 Texnologiyanın tarixi və sənaye inqilabları
• I Sənaye İnqilabı – buxar maşını, mexaniki istehsal
• II Sənaye İnqilabı – elektrik enerjisi, kütləvi istehsal
• III Sənaye İnqilabı – kompüterlər, avtomatlaşdırma, rəqəmsallaşma
• IV Sənaye İnqilabı – süni intellekt, robototexnika, “ağıllı” sistemlər
🔹 Elmin və texnologiyanın təməl icadları
• Elektrik və elektromaqnitizm
• Daxiliyanma mühərriki
• Kompüter və internetin yaranması
• Peyk texnologiyaları və kosmik tədqiqatlar
• Biotexnologiya və gen mühəndisliyi
🔹 Müasir və gələcək texnologiyalar
• Süni intellekt və maşın öyrənməsi
• Böyük verilənlər (Big Data)
• Yaşıl və bərpa olunan enerji texnologiyaları
• Ağıllı şəhərlər və IoT sistemləri
• Avtonom nəqliyyat vasitələri və elektromobillər
🔹 Universitet və elmin rolu
• Ali təhsilin texnoloji inkişafda rolu
• Elmi-tədqiqat və sənaye əməkdaşlığı
• Startap mədəniyyəti və innovasiya ekosistemi
• Gənc mühəndis və tədqiqatçıların formalaşması
Layihənin əsas məqsədi elmi biliklərin geniş auditoriyaya, xüsusilə gənclərə və tələbələrə maraqlı və anlaşılan formada çatdırılması, eyni zamanda ATU-da formalaşan innovativ düşüncə mühitinin nümayiş etdirilməsidir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir – 13-cü Dünya Şəhərləri Forumuna (WUF13) həsr edilmiş görüş keçirilib.
Maşın mühəndisliyi və logistika kafedrası ilə Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının birgə təşəbbüsü və akademik heyətinin iştirakı ilə baş tutan görüşün keçirilməsində məqsəd WUF13-ün əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, akademik mühitdə mövzu ətrafında fəal müzakirələrin təşviqi və universitetlərin qlobal proseslərə inteqrasiyasıdır.
Görüşdə Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi diqqətə çatdırılıb, WUF13-ün ölkəmiz üçün əhəmiyyəti, eləcə də bu qlobal platformanın elm, təhsil, gənclər və dayanıqlı inkişaf baxımından yaratdığı imkanlar müzakirə olunub.
Çıxışlarda bildirilib ki, BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərləri Forumu şəhərlərin və yaşayış məntəqələrinin gələcəyinin müzakirə edildiyi ən mötəbər beynəlxalq platformalardan biridir. WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycanın urbanizasiya, davamlı inkişaf və şəhərsalma sahələrində qlobal müzakirələrin mərkəzinə çevrilməsinə xidmət edir.
Tədbirdə vurğulanıb ki, WUF13 Azərbaycan üçün yalnız beynəlxalq tədbir deyil, eyni zamanda elm və ali təhsil mühiti üçün yeni imkanlar yaradan mühüm platformadır. Forum çərçivəsində təşkil olunacaq elmi sessiyalar, panel müzakirələr və konfranslar Azərbaycan alimlərinin beynəlxalq elmi əməkdaşlıqlara qoşulması, birgə tədqiqat layihələrinin icrası və elmi bilik mübadiləsinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Akademik heyət beynəlxalq tədbirdə gənclərin iştirak imkanlarına da xüsusi diqqət çəkib. Qeyd olunub ki, tələbələr və gənc tədqiqatçılar forum vasitəsilə innovativ ideyalarını beynəlxalq auditoriyaya təqdim etmək, “ağıllı şəhərlər”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” kimi istiqamətlər üzrə qabaqcıl təcrübələrlə tanış olmaq imkanı əldə edəcəklər. Bu isə gənclərin elmi və peşəkar inkişafına mühüm töhfə verəcək.
Eyni zamanda, tədbirdə WUF13-ün Azərbaycanın dayanıqlı inkişaf strategiyası ilə tam uyğunluq təşkil etdiyi qeyd olunub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji təşəbbüsləri və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərin forum çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunacağı vurğulanıb.