Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Növbəti memorandum: ATU ilə “Agro Dairy” yeni əməkdaşlığa başladı

Azərbaycan Texnologiya Universitetində (ATU) “Agro Dairy” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin istehsalat təcrübələrinin artırılması, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin gücləndirilməsi məqsədilə təşkil olunan görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüşdə ATU-nu elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov, universitet-sənaye əlaqələri üzrə müşavir Rövşən Əliyev, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov təmsil edib.

“Agro Dairy” şirkətini isə İdarə Heyətinin üzvü, insan resursları üzrə baş direktor Fatimə Tağıyeva, Mərkəzi insan resursları şöbəsinin rəhbəri Rauf İsmayılov, sahə meneceri Bəxtiyar Səfərov, işə qəbul üzrə mütəxəssis Nuranə Süleymanova və marketinq mütəxəssisi Leyla Acalova təmsil ediblər.

Görüşün sonunda ATU ilə “Agro Dairy” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tələbələrin istehsalat təcrübəsi proqramlarına cəlb olunması, birgə təlim və seminarların təşkili, müasir təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsi, məzunların şirkətin namizəd bazasına daxil edilməsi və karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Eyni zamanda, sənəd çərçivəsində universitetdə “Agro Dairy”nin mühazirə otağının yaradılması, davamlı öyrənmə prinsipinə əsaslanan ixtisasartırma proqramlarının təşkili, həmçinin qida məhsulları texnologiyası sahəsində innovativ yeniliklərin istehsalata tətbiqi də nəzərdə tutulur.

 

ATU tələbəsi “Dəmir Yumruq” Beynəlxalq peşəkar boks gecəsində qızıl medal qazanıb

Azərbaycan Texnologiya Universitetinin tələbəsi Gəncədə keçirilən beynəlxalq boks gecəsində yüksək nəticəyə imza atıb.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin biznesin idarə edilməsi ixtisasının I kurs tələbəsi Zakir Həsənzadə “Dəmir Yumruq” Beynəlxalq peşəkar boks gecəsinin 7-ci seriyasında qızıl medalın sahibi olub.
Gərgin və maraqlı keçən döyüşlərdə uğurlu çıxış edən tələbəmiz rəqibinə qalib gələrək turnirin yüksək mükafatına layiq görülüb.
Qeyd edək ki, Zakir boks üzrə Azərbaycan çempionudur. “Bəhreyn-2024 Gimnaziada İdman Oyunları” üzrə də qızıl medal sahibi olan tələbəmiz dəfələrlə beynəlxalq turnirlərin və yarışların qalibi olub.
 

Karyera Festivalının ll günündə Karyera Forumu keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı çərçivəsində Karyera Forumu keçirilib. Forum universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyevin moderatorluğu ilə baş tutub. Spiker qismində tanınmış iqtisadçı Fərhad Pərvizi, KOBİA-nın Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları üzrə regional koordinatoru Anar Əliyev və Naftalanın ən müasir otellərindən olan “Garabagh Resort & Spa”nın direktor əvəzi Nicat Məhərrəmov çıxış ediblər.

Spikerlər şəxsi karyera təcrübələri, peşəkar inkişaf mərhələləri və əmək bazarında uğur qazanmaq üçün vacib amillər barədə fikirlərini bölüşüblər. Çıxışlarda müasir dövrdə çevik bacarıqların əhəmiyyəti, innovativ düşüncə, düzgün şəbəkələşmə, liderlik keyfiyyətləri və özünüinkişafın karyera yolundakı rolu xüsusi vurğulanıb. Eyni zamanda tələbələrə əmək bazarının aktual tələbləri, turizm, sahibkarlıq və iqtisadiyyat sahələrində yaranan yeni imkanlar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

İnteraktiv müzakirələr şəraitində keçirilən Forum tələbələrin real iş mühiti ilə bağlı biliklərini artırmaq, peşəkar şəxslərlə birbaşa ünsiyyət qurmasına imkan yaratmaq və onların gələcək karyera planlamasına töhfə vermək məqsədi daşıyıb.


“Gənc bələdçilər” intellektual yarışı keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) Turizm fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Gənc bələdçilər” intellektual yarışı keçirilib.

I kurs tələbələri arasında təşkil olunan yarışın məqsədi tələbələrin dünyagörüşünün genişləndirilməsi, turizm sahəsinə marağın artırılması, komanda işinin təşviqi və intellektual bacarıqlarının inkişaf etdirilməsi olub.

İntellektual yarışda 4 komanda iştirak edib. Komandalara Azərbaycanın turizm potensialı, tarixi-mədəni irsi, milli dəyərləri, görməli məkanları və turizm sahəsini əhatə edən müxtəlif mövzularda suallar ünvanlanıb. İştirakçılar sualları operativ və düzgün cavablandıraraq bilik və hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Yarış tələbələr tərəfindən böyük maraqla qarşılanıb və rəqabət şəraitində keçib. Sonda fərqlənən komandalar mükafatlandırılıb.

 

ATU-da Karyera Festivalı keçirilir

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı öz işinə başlayıb. Festivalın açılış tədbirində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək son buraxılış kursu tələbələrinə uğurlar arzulayıb. Bildirib ki, ölkədə insan kapitalının inkişafı və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə ATU-da son kurs tələbələrinin əmək bazarına daha mütəşəkkil hazırlanması üçün ənənəvi məzun yarmarkalarının formatı yenilənib və tədbir artıq ikinci ildir ki, Karyera Festivalı şəklində təşkil olunur. Qeyd olunub ki, festival çərçivəsində keçirilən Əmək Yarmarkası, Karyera Forumu, Karyera Təlimləri və infosessiya xarakterli görüşlər tələbələrin real iş mühiti ilə tanış olmasına, əmək bazarının tələblərini birbaşa öyrənməsinə və peşəkar bacarıqlarını inkişaf etdirməsinə xidmət edir.

Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə KOB Evinin direktoru Orxan Abbasov, Kapital Bankın Gəncə filialının direktoru Vüqar Paşayev çıxış edərək Karyera Festivalının işinə və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıblar.

Daha sonra son buraxılış kursu tələbələri Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 745, magistratura səviyyəsi üzrə isə 90-dan çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq onlara təqdim edilən vakansiyalarla tanış olublar. Stendlərdə Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, Regional Turizm İdarəsi, “AzərAlüminium”, “Azersun Holding”, "AZERA Holding", “Azərşəkər”, “AzGranata”, “ATS Food”, Gəncə Tekstil Fabriki, Kapital Bank, ABB, Bank Respublika, "Unibank" kimi bir çox aparıcı banklar və digər müəssisələr yer alıb. Yarmarkada 40-dan çox dövlət və özəl sektor təmsilçisi 400-dən artıq vakansiya təqdim edib.

Qeyd edək ki, iki gün davam edəcək Karyera Festivalı çərçivəsində Əmək yarmarkası ilə yanaşı, nüfuzlu şirkətlərin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri baş tutacaq, sabah isə Karyera Forumu və müxtəlif infosessiyalar keçiriləcək.

 

ATU-da Karyera Festivalı çərçivəsində Karyera Təlimləri keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı öz işini uğurla davam etdirir. Festivalın I günündə Əmək Yarmarkasının ardından Karyera Təlimləri baş tutub. “AzerFon” (Nar), Kapital Bank, “Azersun Holding”, “AzerGold” və “Agro Dairy” kimi nüfuzlu şirkətlərin təcrübəli nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər ATU-nun son buraxılış kursu tələbələri üçün nəzərdə tutulub.

Günboyu davam edən peşəkar inkişaf sessiyalarında “AzerFon” (Nar) MMC-nin Marketinq ünsiyyəti şöbəsinin rəhbəri Aydın İsrafil, qrafik dizayner Emil Rzayev və işə qəbul üzrə eksperti Kərim Rüstəmov, Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin aparıcı mütəxəssisi Aynur Şalbuzova, “Azersun Holding”in işə qəbul və karyera üzrə baş mütəxəssisləri Merac Baharov və Eldəniz Mehdizadə, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov, eləcə də “Agro Dairy”nin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanova təlimçi qismində çıxış edib.

Təlimlər zamanı məzun olmağa hazırlaşan ATU tələbələri aparıcı şirkətlərin nümayəndələrinin real iş təcrübələri ilə tanış olub, əmək bazarının mövcud tələbləri, işə qəbul prosesləri və karyera inkişafı istiqamətində dəyərli məlumatlar əldə ediblər. Sessiyalar interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb və praktiki müzakirələr aparılıb.