Elmi Şura keçirilib Antiplagiat komissiyasının yaradılıb Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şuranın növbəti iclası keçirilib. Gündəlikdə Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti, qış imtahan sessiyasının ilkin nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris metodiki vəsaitlərin təsdiqi və s. kimi bir sıra məsələlər olub.  Elmi Şuranın sədri, professor Akif Süleymanov iclası açıq elan edərək üzvləri və işçtirakçıları müzakirə olunacaq məsələlərlə tanış edib, Elmi Şuranın işinə müvəffəqiyyətlər, məhsuldar keçməsini arzulayıb.  Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti barədə Yusif Hümbətov çıxış edib. Məruzədən sonra fakültənin sonrakı fəaliyyətində dair məsləhətlər, təkliflər səsləndirilib. Qış imtahanlarında 2043 nəfər iştirak edib. Onlardan 1521 nəfəri imtahanı müvəffəqiyyətlə verib. 77 nəfər əla, 308 nəfər əla və yaxşı, 1136 nəfər qarışıq qiymətlər alıb. Bu kimi məlumatları Tədris şöbəsinin rəhbəri Piri Axundov qış imtahan sessiyasının ilkin nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi barədə hesabatında səsləndirib. Tədris işləri üzrə prorektor Vüqar İsmayılov universitetin ümumi hesabatı ilə çıxış edib. Hesabat zamanı fakültələr və ixtisaslar üzrə tələbə sayı, əlavə təhsil, köçürülmə göstəriciləri, fakültələr üzrə müəllim kontingenti, orta yaş həddi, gənc müəllimlərin sayı, ixtisaslar üzrə qəbul göstəriciləri, mübadilə proqramında son vəziyyət, tələbələrin hazırki istehsalat təcrübələri – cəlb olunduqları müəssisələr, magistrların elmi pedaqoji və tədqiqat təcrübələri, universitetin daxildə və müəssisələrdə fəaliyyət göstərən laboratoriyaları, tyutor xidməti və təsdiq olunan tədris metodiki vəsaitlər barədə dəqiq məlumatlar slaydlar vasitəsilə təqdim edilib.   Elmi katib Mətanət Əhmədova Antiplagiat komissiyasının yaradılması təklifi ilə çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarına əsasən elmi dərəcə və elmi ad verilməsinə dair təqdim edilən sənədlərin hazırlanması məqsədi ilə iddiaçının elmi və tədris-metodiki işlərində elmi plagiatın aşkar edilməməsinə dair arayış tələb edilir. Bu səbəbdən universitetdə Antiplagiat komissiyasının yaradılması təklif olunur. Məsələ ilə bağlı müzakirələrdən sonra Elmi Şura milli kontentin inkişaf etdirilməsi və plagiatlıqla səmərəli mübarizə aparmaq məqsədi ilə Antiplagiat komissiyasının yaradılmasına dair qərar qəbul edib. Daha sonra Elm şöbəsinin müdiri Qalibə Məmmədova çıxış edib: “Universitet fəaliyyətinin başlıca göstəricisi elmi potensialın hazırlanmasının davamlılığıdır. Bu davamlılığın təminində isə əsas yükün professorların üzərinə düşdüyü nəzərə alınaraq professorların motivasiyası gündəmə gəlib. Mövcud vəziyyət analiz edilib və kadr yetişdirilməsində daha çox əməyi olanlara əlavə əməkhaqqı verilməsi təklif olunur”. Şura üzvlərinin təkliflə bağlı fikirləri dinlənildikdən sonra səsvermə yolu ilə professorlar - Füzuli Məmmədov və Əhəd Nəbiyevə stimullaşdırıcı məqsədlə əlavə maaşların təyin edilməsinə dair qərar qəbul edilib.   İclas zamanı Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev isə doktorantların bəzi məsələləri ilə bağlı çıxış edib. Müzakirələrdən sonra Elmi Şura üzvləri tərəfindən tədris metodiki vəsaitlər təsdiq edilib. 538 dəfə oxunub