ATU tələbələri arasında ilk dəfə reallaşan süni intellekt hakatonu universitetin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin texnologiyalarına addım” devizi altında keçirilib.
Tədbirdə Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov çıxış edərək yarışın əhəmiyyətindən, süni intellektin yeni nəsil mütəxəssislərin formalaşmasında oynadığı roldan və tələbələrin innovativ düşüncə tərzinin dəstəklənməsinin vacibliyindən danışıb. Daha sonra ATU-nun müəllim və tələbələri tərəfindən hazırlanmış animasiyalar nümayiş etdirilib.
Tədbirin qonağı Gəncə STEAM Mərkəzinin koordinatoru Mətləb Əliyev ATU mütəxəssislərindən ibarət münsiflər heyətinin tərkibinə iştirak edib. Yarış iştirakçıları texnoloji həllər, animasiya və oyun mövzuları üzrə komandalar şəklində mübarizə apararaq süni intellekt və innovativ yanaşmalar əsasında öz ideyalarını təqdim ediblər. Qiymətləndirmədə ümumilikdə 18 komanda iştirak edib.
Animasiya kateqoriyası üzrə “ANA” layihəsi, Texnoloji həllər kateqoriyası üzrə “GENO” layihəsi və Oyun kateqoriyası üzrə isə “Black ops Z” layihəsi qalib olub. Qaliblər komandalar müvafiq diplom və hədiyyələrlə təltif ediliblər.
ATU-da “Aİ Hackathon 2025” yarışının keçirilməsində əsas məqsəd tələbələrin süni intellekt imkanlarından səmərəli istifadə bacarıqlarını artırmaq, layihə hazırlanması prosesində mentor dəstəyi təqdim etmək, eləcə də qısa müddətdə verilən tapşırıqlar əsasında kreativ və funksional həllər ortaya qoymaq bacarıqlarını inkişaf etdirməkdir.
Tədbir komanda işinin, innovativ düşüncənin və rəqabət mühitinin gücləndirilməsi baxımından tələbələr üçün mühüm təcrübə olub.
Azərbaycan Texnologiya Universitetində (ATU) Kapital Bank mütəxəssislərinin kibertəhlükəsizlik mövzusunda təlimləri keçirilib. Təlim ATU-nun aktiv tərəfdaşlarından olan Kapital Bankın ölkə üzrə təşkil etdiyi maarifləndirici “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində baş tutub.
Təlimlərdə Kapital Bank-ın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov, Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov və bankın Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, kiberdələduzluğun növləri, real dələduzluq nümunələri, müdafiə üsulları və bankın təhlükəsizlik mexanizmləri barədə iştirakçılara geniş məlumat veriblər.
Bank nümayəndələri baş vermiş real dələduzluq halları barədə danışaraq, vətəndaşların emosional vəziyyətlərindən sui-istifadə edildiyini xüsusilə vurğulayıblar. Bir sıra hallarda, vətəndaşların telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə aldadılması qeyd edilib. Həmçinin, vətəndaşlara plastik kartlarını 3-cü şəxslərə istifadəyə verilməsinin yolverilməz olduğu bildirilib. Bank nümayəndələri qeyd ediblər ki, kart məlumatlarının paylaşılması dələduzluq halları üçün birbaşa imkan yaradır və hər kəs sadə kibergigiyena qaydalarını bilmək və əməl etməklə özünü dələduzlardan qoruya bilər. Təlimin yekununda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib, tələbə və əməkdaşların gündəlik həyatda rastlaşdığı real dələduzluq situasiyaları müzakirə olunub və bank nümayəndələri tərəfindən auditoriyanın sualları cavablandırılıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə əcnəbi və yerli tələbələr arasında “Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrin miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş qeydiyyat qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə DMX-nin Gəncə Regional Miqrasiya İdarəsinin Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Omar Omarov və baş inspektoru Xanlar Əsgərov tədbir iştirakçılarına Azərbaycan Respublikasının “Miqrasiya Məcəlləsi” və “İnzibati Xətalar Məcəlləsi”nin miqrasiya ilə bağlı əsas maddələrini izah edib, xidmətin fəaliyyət istiqamətləri, əcnəbi vətəndaşlara göstərilən xidmətlər, eləcə də miqrasiya sahəsində tətbiq olunan əsas qaydalar haqqında geniş məlumat veriblər.
Sonda DMX rəsmiləri xarici tələbələrin ölkədə yaşayış, qeydiyyat və viza prosedurları ilə bağlı suallarını ətraflı cavablandırıb, onlara praktiki tövsiyələr veriblər.
Qeyd edək ki, hazırda ATU-da 133 əcnəbi tələbə təhsil alır.
Azərbaycan Texnologiya Universitetinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.11.2025-ci il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və eskpertiza kafedrasının əməkdaşı Afaq Sahib qızı Bağırzadəyə 3309.01 - Qida məhsullarının texnologiyası ixtisasında texnika elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Azərbaycan Texnologiya Universitetinin 55 illiyinə həsr olunmuş qızlar və oğlanlar arasında fakültələrarası voleybol birinciliyi keçirilib. Yarışda İqtisadiyyat və idarəetmə (İE), Yüngül sənaye mühəndisliyi və logistika (YSML) və Qida mühəndisliyi (QM1, QM2) fakültələrinin ümumilikdə 4 komandası iştirak edib.
İlk oyunda QM1 komandası İE komandasına 2:0 hesabı ilə qalib gəlib. İkinci oyunda isə YSML komandası QM2 komandasına 3:1 hesabı ilə qalib gəlib.
Oyunun ikinci günündə III yer uğrunda QM2 və İE komandaları qarşılaşıb, oyun QM2 komandasının qələbəsi ilə yekunlaşıb.
Final oyununda isə QM1 komandası ilə YSML komandası gərgin mübarizə aparıb və QM1 komandası fakültələrarası voleybol birinciliyinin kubokuna sahib olub.
Beləliklə, QM 1 komandası I yeri, YSML komandası II yeri, QM2 komandası isə III yeri tutub.
Yarışda iştirak edən və fərqlənən tələbələr universitetin voleybol üzrə yığma komandasına cəlb ediləcək. Qeyd edək ki, yığma komanda dekabrın əvvəlində baş tutacaq voleybol üzrə zona birinciliyində təmsil olunacaq.
Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı, “AZERSUN”, N1 Çörək Zavodu və Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərin 5 illiyinə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı III regional intellektual yarış keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib, yarışın məhz bu ay keçirildiyinin rəmzi məna daşıdığını vurğulayaraq noyabr ayının dövlət əhəmiyyətli tarixlərlə zəngin olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il ötür və milli azadlıq hərəkatı, Zəfər tarixi də məhz noyabr ayına təsadüf edir. Rektor yarışın artıq ənənəvi hal aldığını, tələbələrin bilik, düşünmə və doğru qərarvermə bacarıqlarını gücləndirməyə, vətənpərvərlik hissini möhkəmləndirməyə xidmət etdiyini deyərək komandalara uğurlar arzu edib.
Yarışda respublikanın 14 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Suallar əsasən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.
3 mərhələdən ibarət yarış Gəncə Dövlət Universitetinin tələbələrinin qalibiyyəti ilə yekunlaşıb. İntellektual yarışda ikinci yeri Azərbaycan Texnologiya Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri tutub. Qalib komanda kubok və hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.