Ali təhsilin doktorantura səviyyəsi üzrə qəbul qaydaları

 

1.1. Doktoranturaya qəbul qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb. “Təhsil haqqında” və ”Elm haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq doktoranturaların yaradılmasına qoyulan tələbləri və doktoranturaya vahid qəbul qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

1.3. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.

1.4. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

1.5. Doktorantura təhsili dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.

1.6. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

1.7. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.

Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.

1.8. Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur və Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.

1.9. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini müvəffəqiyyətlə bitirən və elmi
dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid
formalı dövlət sənədi – diplom verilir.

1.10. Azərbaycan Texnologiya Universitetiinin ( bundan sonra Universitet) nəzdindəki doktoranturalara elmi-metodik rəhbərliyi və fəaliyyətlərinə nəzarəti “Magistratura və doktorantura” şöbəsi həyata keçirir.

2.1. FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ DOKTORANTURA

2.1 Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura
səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan
(tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında
qəbul olunurlar.

2.1. Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

2.2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-şəxsiyyəti təsdiq edən sənədin surəti.

2.3. Sənədlərin qəbulu forması, qaydaları, tələbə qəbulu və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən müvafiq elan verilir.

2.4. Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir.

2.5. Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası yaradılır.

Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan elmi rəhbərlərindən təşkil olunmalıdır.

2.6. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.

2.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.

2.8. Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir.

2.9. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim
sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin
magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları
verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda
iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

2.9-1. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
(bundan sonra – DİM) tərəfindən keçirilir.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF,
DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq
dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə
razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

2.9-2. Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil
müəssisəsi tabe olduğu müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsində həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdirilir.

2.10. İxtisas fənnindən qəbul imtahanı keçirmək məqsədi ilə ali təhsil müəssisəsində müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.

2.11. İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil
müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.

Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə
tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri ali təhsil müəssisəsinin rəhbəri, və ya elmi işlər üzrə müavini təyin edilir.


Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın

tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.

2.12. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
2.13. Ali təhsil müəssisəsində yaradılmış qəbul komissiyası imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir. Qərar barədə məlumat şəxsin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir.
Komissiyanın qərarından razı olmayan şəxslər qərar qəbul edildikdən və bu barədə məlumat
aldıqdan sonra 3 (üç) iş günü müddətində ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın
rəhbərinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. Müəssisə rəhbəri 5 (beş) iş günü müddətində
müraciətə baxmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərardan inzibati qaydada və (və ya)
məhkəməyə şikayət edilə bilər.

2.14. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin edilməsi
doktoranturaya qəbul olunma haqqında qərar qəbul olunan gündən 6 aydan gec olmamaq şərtilə
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

2.15. Doktoranturaya qəbul tələbə qəbulu əsasında ali təhsil müəssisəsinin fəaliyyətini tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.

2.16. Doktoranturaya qəbul haqqında qərarın (əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işəgötürən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.

2.17. Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya qəbul olunduğu ali təhsil müəssisəsinə təqdim edilir.

2.18. Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir.

Doktorantın elmi rəhbəri onun seçdiyi ixtisasa uyğun elmlər doktoru və ya professor (5 nəfərədən artıq olmamaq şərti ilə), fəlsəfə doktoru (elmlər namizədi) (2 nəfərədən artıq olmamaq şərti ilə) ola bilər.

2.19. Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilər.

2.20. Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Elmi rəhbər müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdehdir.

2.21. Bir elmi rəhbərə elmlər doktoru olduğu halda təhkim olunan doktorantların sayı 5 nəfərdən, fəlsəfə doktoru olduğu halda isə təhkim olunan doktorantların sayı 2 nəfərdən artıq olmamaq şərtilə, ali təhsil müəssisəsinin şurası tərəfindən müəyyən olunur və ali təhsil müəssisəsinin fəaliyyətini tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.

2.22. Hər bir doktoranta görə elmi rəhbərə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.

2.23. Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəssisəsinin elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.

2.24. Doktorantın bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, elmi müəssisə və təşkilata, həmçinin əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatın elmi şuralarının qərarı ilə həmin müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq həyata keçirilir.

2.25. Doktorant təhsil müddətində:

- peşə biliklərinə dərindən yiyələnməli;

- müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;

- elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;

- fərdi iş planını tam yerinə yetirməli;

- Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tatixli 728 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq
imtahanlar verməli;

- elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;

- elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;

- elmi tədqiqat işini bitirməlidir.

2.26. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir.

2.27. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların elmi işçiləri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.

2.28. Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, universitet, tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil universitetin rəhbəri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.

2.29. Ali təhsil müəssisəsinin elmi şuralarında doktorantların elmi rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir.

2.30. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir.

2.31. Ali təhsil müəssisəsinin rəhbəri doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərməlidir.

2.32. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya universitetin daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər.

2.33. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsində 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi pedaqoji işlərə cəlb oluna bilərlər.


3. ELMLƏR DOKTORU HAZIRLIĞI ÜZRƏ DOKTORANTURA

3.1. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

3.2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

-ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

-kadrların şəxsi-qeydiyyat vərəqi; tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

3.3. Universitetin elmi şurası “Elmlər doktoru” elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul edir. Həmin qərar ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.

3.3-1. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi məsləhətçilərin təyin edilməsi
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

3.4. Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.

3.5. Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən, xaricdə yerləşən) ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

3.6. Doktorantlar hər il Universitetin elmi şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun doktoranturada təhsilini davam etdirməsi barədə qərar qəbul olunur.

3.7. Doktorant təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir.

3.8. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.


4. DOKTORANTURADA ELMİ VƏ ELMİ-PEDAQOJİ KADRLARIN MƏQSƏDLİ
HAZIRLIĞI

4.1. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatların və digər təşkilatların təqdimatı ilə onların tabe olduqları müvafiq qurumların sifarişləri əsasında həyata keçirilir.

4.2. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların doktoranturaya ümumi qəbul qaydalarına müvafiq həyata keçirilir. Məqsədli yerlər doktoranturaya tələbə qəbulunda əks olunur.

4.3. “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri doktoranturada yüksəkixtisaslı elmi və elmipedaqoji kadrların məqsədli hazırlığına da şamil edilir.

4.4. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi yalnız onları göndərən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatın, habelə digər təşkilatların razılığı əsasında aparıla bilər.

5. DİSSERTANTLIQ YOLU İLƏ YÜKSƏKİXTİSASLI ELMİ VƏ ELMİ-PEDAQOJİ
KADRLARIN HAZIRLANMASI

5.1. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla, elmi dərəcənin alınması üçün təhkim olunmaqla, dissertasiya işinin yerinə yetirilməsini təmin edir. 5.2. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil
pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili
ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən
müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və
elmi-pedaqoji kadrlar malikdirlər. “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə
doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə
və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

5.3. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər.

5.4. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hüququna malik deyillər.

5.5. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi
və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar
.

5.6. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:

-ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi; tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- “Elmlər doktoru” elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

5.6-1. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici
dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) bu Qaydaların
2.10-1-ci bəndində göstərilən qaydada keçirilən qəbul imtahanı verirlər.

5.7. Universitetin elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı və “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyənlər üçün xarici dil fənni üzrə imtahandan aldıqları qiymət əsasında iddiaçının dissertant təhkim olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul edir. Elmi şuranın qərarı əsasında ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatın rəhbəri iddiaçının təhkim olunması haqqında əmr verir.

5.7-1. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin edilməsi
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

5.8. “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcəsi üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yolu ilə təhsil alan şəxslərə (doktorantlara) də şamil edilir.

5.9. “Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən
olunmuş qaydada ixtisas fənnindən və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə
alınmaqla, digər fəndən də fəlsəfə doktoru imtahanları verirlər.

5.10. Dissertantlıq yolu ilə təhsil alan hər bir şəxsin elmi rəhbərlərinə və elmi məsləhətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.

5.11. Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertant təhkim olunmuş şəxslərə elmi şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir.


6.ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
DOKTORANTURADA VƏ DİSSERTANTLIQ YOLU İLƏ TƏHSİL ALMAQ
HÜQUQU


6.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.12-ci maddəsinə əsasən,
doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası
Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının “Elm haqqında”
və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və
təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata
keçirilir.

6.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.

6.3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

6.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.

6.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Universitetdə doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.