Kərimov Fazil Cəmil oğlu 16 oktyabr 1962-ci ildə Beyləqan rayonunun Örənqala qəsəbəsində anadan olub. 1969/1979-cu illərdə Örənqala qəsəbə tam orta məktəbində təhsil alıb. 1981/1983-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.
1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) kənd təsərrüfatı istehsalının təşkilatçı iqtisadçısı ixtisasına qəbul olub, 1991-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirib.
1991/1996-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda baş mühasib vəzifəsində çalışıb. 1996/1999-cu illərdə Rusiya Federasiyası İdarəetmə və Biznes İnstitutunun Gəncə filialında baş mühasib və assistent, 1999/2001-ci illərdə İqtisadiyyat kafedrasının müdiri kimi fəaliyyət göstərib.
29 iyun 1999-cu ildə iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2004/2017-ci illərdə Azərbaycan Texnologiya Universitetində Sənaye iqtisadiyyatı kafedrasının dosenti, 2017/2022-ci illərdə Gəncə Dövlət Universitetində İqtisadiyyat kafedrasının dosenti vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Texnologiya Universitetində Menecment kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb, həmin ilin dekabrından İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə təyin edilib.