Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, onun varlığının ən əsas, bəlkə də yeganə təminatçısı onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dil hər bir xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olur, onun taleyini yaşayır. Elə buna görə də, ən böyük mənəvi sərvətimiz olan Ana dilimiz dövlət rəmzlərimiz olan himnimiz, gerbimiz, bayrağımız qədər müqəddəsdir. Dilimizin dünya dilləri sırasında özünəməxsus kamil yerlərdən birini tutması, onun lüğət tərkibi, mükəmməl qrammatik quruluşu eyni zamanda səs sistemi ilə müəyyən edilir. Bir çox xalqların görkəmli nümayəndələri Azərbaycan dilinin dünya dilləri sırasında özünəməxsus yeri olduğunu dəfələrlə qeyd etmiş və Qafqazda əsas ünsiyyət vasitəsi ola bilmə baxımından Avropada geniş yayılmış dillərlə müqayisə etmişlər. Təbii ki, tarixin müxtəlif dövrlərində dilimizə qarşı münasibət də birmənalı olmayıb. Bəzən başqa dillərin təsirinə məruz qalıb, xalqın siyasi arenada rast gəldiyi çətinliklər ona da təsirsiz ötüşməyib. Ancaq zaman-zaman özünün inkişaf mərhələsini keçirən dilimiz XVI əsrdə də mövqelərini müəyyən qədər möhkəmlədə bilib. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Həmin dövrdə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Məhz bu dövrdə xalq şeirində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Vaqif yaradıcılığı ilə başlanır. Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə diqqət yetirilən əsas sahələrdən olub. Cümhuriyyətin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa vaxtda dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. Təkcə elə bunu demək kifayətdir ki, 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verilib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən müəyyən bir vəsait də (351 min manat) ayrılıb. Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Dövlət Universitetinin açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetiriblər. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasətinin geniş şəkildə təbliğ olunduğu bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Amma buna baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev ana dilinin dövlət dili statusunu qorumaq məqsədi ilə öz mövqeyini cəsarətlə və qətiyyətli şəkildə nümayiş etdirmişdir. O, birbaşa SSRİ Konstitusiyasının özündən sitat gətirirdi və deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır. Həmin dövrdə konstitusiyanın ümumxalq müzakirəsinə verilməsi nə qədər formal xarakter daşısa da, milli ruhlu ziyalılarımız Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdılar. Nəhayət, Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsi birdəfəlik həll edilir və orada belə bi maddə öz əksini tapır: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır və 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. Düzdür, o dövrdə dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Respublikamızda cəmiyyətin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada işlədilə bilməsin. Lakin ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində hələ görüləsi işlər çoxdur. Ana dilində aşağı siniflər üçün dərs vəsaitlərinin keyfiyyətinin yüksəldilməsinə, uşaqların ibtidai təhsilinin ana dilində olmasına diqqət yetirmək lazımdır. Çünki, unutmaq olmaz ki, ilk təhsilin ana dilində olması həm düşüncə tərzinə təsir edir, həm də bir azərbaycançılıq məsələsidir. Təəssüflə qeyd edək ki, kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Belə ki, əsassız olaraq xarici dillərə üstünlük verilir və bu cür əcnəbi dilli lövhələr gənc nəslin nitqinə mənfi təsir göstərir. Azərbaycan dili elə bir mükəmməl quruluşa, zəngin söz ehtiyatına malik bir dildir ki, onun vasitəsilə az sözlə böyük mənalar ifadə etmək mümkündür, məhz buna görə də, dilimizi başqa dillərin sözləri ilə kortəbii şəkildə ağırlaşdırmağa qəti ehtiyac yoxdur. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Xalqın yaratdığı, filoloqların sistemləşdirdiyi, ədiblərin isə üzərində söz sənəti yaratdığı dilimizi qorumaq hər bir vətəndaşımızın borcudur. Bu həm də dövlətçilik, azərbaycançılıq məsələsidir.
Zəminə Novruzova
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi