Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir, bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu xarici siyasət yürüdür. Burada Türkiyə ilə qardaşlıq münasibətini, Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini xüsusi qeyd etmək olar. İndi ölkəmiz Rusiya üçün Ermənistandan daha vacib, daha maraqlı tərəfdaşa çevrilib. Şanlı qələbəmiz ilə əlimiz gücləndi. İndi biz masa arxasında qalib ölkə kimi otururuq, bu isə düşməni şərtlərimizi qəbul etməyə məcbur edir. Azərbaycan həm də beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə uğurlu qarşılıqlı fəaliyyəti davam etdirir. Postmünaqişə dövründə baş tutan görüşlər Azərbaycanın üstünlüyü şəraitində keçir. Bunun nəticəsidir ki, Avropa İttifaqı da iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində daha real işlər görməyə başlayıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr ayında və aprelin 6-da üçtərəfli görüşlər keçirilmişdir. Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə cənab Prezident İlham Əliyev çıxışında yekun kommunikedə “Dağlıq Qarabağ” və “münaqişə” sözünün olmadığına diqqəti çəkdi. Bu isə artıq nə o adda bir ərazi vahidindən, nə də hər hansı bir münaqişədən söhbət gedə bilmədiyini göstərir. Azərbaycan iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün 5 prinsipdən ibarət təklif vermişdir. Qarşı tərəf isə bu təklifləri qəbul etmişdir. Təklif paketinin tərkibinə nəzər salsaq vəziyyətin nə yerdə olduğunu yaxşı görərik. -Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; - Sadəcə birinci bəndi incələmək kifayət edir ki, vəziyyətin normallaşması istiqamətində görülən işlərin nə qədər effektiv, nə qədər müsbət nəticəli olduğunu anlayaq. Dövlətlərin bir-birinin suverenliyini tanıması onun sərhədləri daxilində gedən proseslərin gedişinə, orada yaşayan xalqların taleyinin həll olunmasına xaricdən müdaxilə etməməsi anlamına gəlir. Bu isə sülh müqaviləsindən sonra Xankəndində yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi Azərbaycanın qanunları ilə yaşaması və hərəkət etməsi deməkdir. -Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; - İkinci bəndi isə məsələnin kuliminasiya nöqtəsi kimi dəyərləndirmək olar. Bu günə kimi Ermənistan özünü necə dəyərlər dəlioğlanlığa qoymuşdu. Heç bir beynəlxalq prinsip və normaya sığmayacaq şəkildə davranışlar sərgiləyirdi. Atdığı addımlar isə tamamilə qeyri adekvat və bir-birini tamamlamayan addımlar idi. “Dəmir Yumruq”dan sonra sanki Ermənistan başqa bir dövlət olub. -Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; - Bir neçə şərtdən ibarət olan üçüncü bəndin prinsipləri münaqişə dövrünün bütün zamanlarında Azərbaycan dövlətinin sadiq qaldığı və hər zaman təklif etdiyi prinsiplərin tərkib hissəsi olub. -Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; -Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Son iki bəndi də görülən işlərin davamı və yekunu kimi dəyərləndirə bilərik. İşlənib hazırlanan və qarşı tərəfin də müsbət qiymətləndirdiyi 5 prinsip regionda yeni dövrün başlanğıcının əsasını, təməlini təşkil edir. Azərbaycanın yenə də humanist mövqeyi, regionda bərabər inkişafa yönəlik addımları və cəhdləri Ermənistanın da geniş periodda xeyrinədir. Çünki bu gün Ermənistan dalan vəziyyətinə düşüb, bütün beynəlxalq layihələrdən kənarda qalıb. Azərbaycanla vəziyyətin normallaşdırılması isə onların da regionda həyata keçirilən layihələrin, kommunikasiyaların və tranzit xətlərin bir hissəsi, bir iştirakçısı olmalarını təmin edəcək.
Günel Qarayeva
Azərbaycan Texnologiya Universitetinin
Magistratura və doktorantura şöbəsinin tyutoru