Qədim tarixə və mədəniyyətə malik olan Azərbaycan xalqının qədim zamanlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər içərisində Novruz bayramının öz yeri vardır. Əski zamanlardan, tarixin dərin qatlarından süzülüb gələn Novruz bayramı təbiətin oyanmasını və ən əsasda müxtəlif tarixi dövrlərin ovqatını ifadə edən siyasi-ideoloji bir anlayışdır. Ümumilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə söylədiyi kimi “İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır. Bu milli bayramımızın indi dövlət səviyyəsində geniş qeyd olunması Azərbaycan müstəqilliyinin bəhrələrindəndir”. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın dünyaya nümunə olan dəmir yumruq kimi birliyinin, həmrəyliyinin sayəsində 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, xalqımızın illərdir dilədiyi torpaqlarımıza qovuşmaq istəyi, arzusu reallaşdı. Ötən il dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ailə üzvləri Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızda Cıdır düzündə Novruz tonqalını alovlandırdılar. Ölkə Prezidenti bu məkandan müraciətində “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” –deyə bəyan edərək işğalçı Ermənistana və ona 30 ilə yaxın dövrdə dəstək verən havadarlarına mesajlarını çatdırdı. Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 20 mart tarixində qeyd olunur. Novruz bayramının əsas ünsürlərindən biri də dörd çərşənbələridir və dörd həftə ardıcıllıqla fərqli adlarla çərşənbə günləri qeyd olunur. Çərşənbələrin sırası xalqımızın köhnə mifik dünyagörüşündən qaynaqlanır. Həmin bu çərşənbələr insanın 4 əsas ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri özündə ehtiva edir. Çərşənbələrə fərqli ad verilməsi elə onun məzmunu ilə əlaqədardır. Novruzdan qabaq qeyd olunan dörd ilaxır çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə seçilir. İlk çərşənbə Su çərşənbəsi ilə başlayır. Deyilənlərə görə Yaradan ilk olaraq suyu yaradıb, buna görə də su çərşənbəsi ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. İkinci çərşənbə Od çərşənbəsi adı altında qeyd edilir, insanların yaradılış prosesinin ikinci mərhələsi kimi od ünsürü götürülür. Hətta əcdadlarımız ilk andı günəşlə, od-ocaqla bağlı olmuşdur. Belə bir deyim var – “Oddan pay olmaz”, belə hesab edirdilər ki, oddan pay olmaz, kim bunu etsə il boyu bədbəxtliyə düçar olar. Yel çərşənbəsi üçüncü olaraq qeyd edilir. Yel kainatın yaradılmasındakı dörd əsas ünsürdən biridir. Qədim insanların inanclarına görə yel Yaradan tərəfindən göndərilən bir qüvvə hesab edilirdi. Yel çərşənbəsində müxtəlif ayinlər icra olunur. Novruz bayramının ən təntənəli qeyd olunan çərşənbəsi İlaxır çərşənbə adı ilə qeyd olunan Torpaq çərşənbəsidir. Torpaq ünsürü insanın yaradılışının əsasını təşkil edir. Qədim türk mifologiyasına görə yatmış torpaq oyanaraq insanları aclıqdan xilas edir. Rəvayətə görə əkinçilər İlaxır çərçənbədə tarlaya çıxar torpağı şumlayar və beləliklə də yatmış torpağı oyadıb artıq əkinçilik zamanının yetişdiyini xəbər edərlərmiş. Beləliklə, bu dörd həftə ərzində Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, Yel çərşənbəsində torpağı oyatdı və nəhayət növbə Torpaqdadır, elə məhz əkin yerlərində işlər torpaq çərşənbəsində başlayır. Hal-hazırda illərdən bəri qeyd olunan Novruz bayramında ildən ilə yeni adətlər formalaşmış və xalqımız tərəfindən hər il adət-ənənələrə sadiq qalaraq onları bayram günlərində icra etmişlər. Əsasən uşaqlar və gənclər arasında yayılan papaq atma, gizlincə dinlənilən hər hansı söhbətləri yozmaq üçün edilən qulaq falı, tonqaldan atlamaq, səməni cücərtmək, yumurta döyüşdürmək və s. kimi hər Novruz bayramında icra olunan qədimi adətlərimiz vardır. Yazın gəlişinin müjdəçiləri olan Kosa ilə Keçəl də Novruz bayramının ən bariz rəmzləri hesab olunur. İllər boyu xalqımızın incəsənət xadimləri Novruz bayramına aid mahnılar bəstələmiş, şeirlər yazmış və filmlər çəkmişlər. Buna misal kimi Novruzun çələngi və Ocaq Azərbaycan filmlərini göstərmək olar.
Nilufər Orucova
Azərbaycan Texnologiya Universitetinin
Ümumi və tətbiqi fizika kafedrasının müəllimi