Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il fevral ayının 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskva şəhərinə rəsmi səfərə yollandı. Səfər əsnasında iki dövlətin prezidentləri arasında 43 bənddən ibarət Moskva Bəyannaməsi imzalandı. Bəyannamənin iki dövlət arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdiyini qeyd edə bilərik. Yeni bəyannamədə razılaşdırılan 43 bənd Azərbaycan və Rusiya arasındakı qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Elə bəyannamənin 1-ci bəndinə nəzər yetirən kimi görmək olur ki, bu bəyannamə ölkəmizin dövlət müstəqilliyi və suverenliyinin güclənməsinə xidmət edir: “Hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Rusiya ilə NATO arasındakı münasibətlərin bu qədər gərgin olduğu və hətta Ukrayna ilə müharibə həddinə çatdığı bir ərəfədə ölkəmizlə belə bir strateji müttəfiqliyə məhz qarşı tərəfin maraqlı olması dövlətimizin bu ölkə üçün nə qədər vacib tərəfdaş olduğunu deməyə əsas verir. Dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycan da öz maraqlarının təmin edilməsi istiqamətində istənilən dövlət ilə müvafiq istiqamətlərdə çoxşaxəli münasibətlərin qurulmasında maraqlıdır. Buna əsas alaraq onu deyə bilərik ki, Moskva bəyannaməsi, Şuşa bəyannaməsi ilə heç bir ziddiyyət təşkil etmir və bir-birinin qüvvəsinə mənfi təsir etmir. Hətta Azərbaycan Rusiya və Türkiyə arasında əlaqələndirici rol oynayır. Bəyannamənin bütün bəndləri çox ciddi konseptual əsaslara söykənir. Bəyannamənin 9-cu bəndi 44 günlük müharibəyə qədər aparılan məqsədyönlü siyasət, bu dövr ərzində nail olduğumuz iqtisadi inkişaf və Qarabağ uğrundakı parlaq qələbəmiz sayəsində əldə etdiyimiz siyasi və iqtisadi üstünlüklərin təzahürüdür. Bəndi diqqətlə incələdiyimiz zaman aydın olur ki Rusiya tərəfi artıq Qarabağda münaqişələrin yenidən alovlanmasının tərəfdarı deyil. Hətta münasibətlərin normallaşması, regionda kommunikasiyaların hərtərəfli bərpası və Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığının tam şəkildə təmin olunmasında fəal iştirak etmək niyyətindədir. “Tərəflər regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”. Moskva bəyannaməsinin 18-ci bəndi 9-cu bəndə bir daha qüvvət verir və təhlükəsizlik istiqamətində səylərin birləşdirilməsini nəzərdə tutur: “Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”. Bütün bəndləri bir-bir nəzərdən keçirdikcə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsindən tutmuş beynəlxalq enerji layihələrində əməkdaşlıq, silah istehsalında birgə fəaliyyət, hətta dinc məqsədlərlə atom enerjisindən istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının da nəzərdən keçirilməsinin planlaşdırıldığı aydın olur. Ümumiyyətlə bəyannamədə yer alan 43 bənd çox geniş sahələri əhatə edir. Bəyannaməni gözdən keçirdikcə iki ölkə arasında uzun dönəmə hesablanmış və çox geniş sahələrdə sıx əməkdaşlığın planlaşdırıldığı qənaətinə gəlmək olur. Vətən müharibəsində əldə edilən uğurlu qələbə regionda yeni konfiqurasiya və ümumilikdə yeni reallıqlar yaratdı. Bunun nəticəsidir ki, artıq Azərbaycan Respublikası istər Rusiya, istərsə də digər dünya dövlətləri tərəfindən daha ciddi və daha ehtiyatla qarşılanmağa başlayıb. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni düzən formalaşdı. Tərəddüd etmədən deyə bilərik ki, bu yeni düzənin yaranmasında qardaş Türkiyə dövlətinin böyük dəstəyi oldu. Artıq regionda müstəqil bir dövlət kimi özümüzü yalnız hiss etmirik. Bu qələbə Ermənistan qarşısında əlimizi gücləndirdi, düşmən ölkə ilə masa arxasında qalib dövlət kimi oturmağımızı təmin etdi. İndi Azərbaycan Rusiya üçün strateji cəhətdən Ermənistandan daha faydalı tərəfdaş olmağa başlayıb. Rusiya Ermənistana olan marağını itirib. Bunun davamı olaraq regionda yeni Türkiyə-Azərbaycan-Rusiya üçbucağı yaranıb. Türkiyə və Rusiyanın bir-birinə yaxınlaşması və son dövrlərdəki bir-birindən bir növ strateji asılılığı Azərbaycanın da ayrıca xeyrinə oldu. Bütün bu sadalanan nüansları əsas gətirərək deyə bilərik ki, Azərbaycan Respublikası müstəqil bir dövlət kimi müxtəlif ölkələrlə siyasi və milli maraqlarının təmin olunması istiqamətində istənilən qaydada müttəfiqliklər, tərəfdaşlıqlar və s. formatlarda istər bəyannamələr, istərsə də müxtəlif strateji müqavilələr imzalaya bilər. Belə müttəfiqliklərin razılaşdırılması prosesində Azərbaycan hökuməti artıq ikinci Qarabağ müharibəsindən əvvəlki dönəmlərlə müqayisədə daha rasional, daha praqmatik tələblər irəli sürmək imkanına malikdir. Şuşa bəyannaməsi kimi Moskva bəyannaməsi də Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və təhlükəsizliyinin təmin edilməsi baxımından ölkəmizin lehinə olduğunu bir daha qeyd edib sabaha daha ümidli addımlarla irəliləyə bilərik.
Hikmət Məmmədli
Azərbaycan Texnologiya Universitetinin
Menecment kafedrasının assistenti