Qloballaşmanın ən yüksək dövrünü yaşadığımız bir zamanda ölkənin inkişaf etməsi, dövlətlər arasında aparılan acımasız rəqabətdə geri qalmaması və digər ölkələrdən istər siyasi istərsə də iqtisadi cəhətdən asılı vəziyyətə düşməməsi üçün iqtisadiyyatın möhkəmləndirilməsinin vacibliyi hər kəs tərəfindən bilinən məsələdir. Bunun üçün geniş infrastruktur layihələrinin həyata keçirilməsi hava-su kimi vacibdir. İqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması, regionların tarazlı inkişaf etdirilməsi, daxili tələbatın maksimum şəkildə yerli istehsal tərəfindən ödənilməsi və ixracatın artırılması üçün istehsal sahələrinin genişləndirilməsi və təşviqi bu istiqamətdə atılacaq əsas addımlardandır. Qarşımızda duran əsas prioritet məsələlərdən biri də ölkənin enerji təhlükəsizliyinin təmin edilməsidir. Həm paytaxt Bakının, həm də regionların fasiləsiz enerji tələbatının təmin edilməsi istiqamətində icra olunan fəaliyyətlər kifayət qədər qənaətbəxş hesab edilə bilər. Müstəqilliyimizin ilk illərində regionlarda tez-tez elektriklər kəsilirdi. Təbii qazın verilməsi isə demək olar ki çox yerlərdə dayandırılmışdı. Ümummilli lider Heydər Əliyevin layihələndirdiyi və 1994-cü il sentyabr ayının 20-də Bakıda Gülüstan sarayında dünyanın öndə gedən neft şirkətləri ilə dövlətimiz arasında imzalanan “Əsrin Müqaviləsi” sürətli inkişafımızın təməli oldu. “Əsrin müqaviləsi”ndən aldığımız bu təkanın ətalətə uğramaması üçün və zaman keçdikcə daha da sürətlənməsi üçün yeni-yeni infrastruktur layihələrinin həyata keçirilməsinə ehtiyac var idi. Bu istiqamətdə atılan addımlar Azərbaycanı xarici investorlar üçün cazibədar hala gətirdi. Cari ilin 11 fevral tarixində Prezident İlham Əliyevin açılışını etdiyi “Qobu” Enerji Qovşağı bu silsilənin davamı kimi dəyərləndirilə bilər. Ölkə Prezidenti AZƏRTAC-a verdiyi müsahibəsində “Qobu” Enerji Qovşağının son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biri olduğunu bildirdi və qeyd etdi ki, çox qısa zaman kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə verdiyini bildirdi. Gücü 750 meqavat olan Yaşma yarımstansiyası və 385 meqavat gücündə olan “Qobu” elektrik stansiyasının qısa müddətdə daxili imkanlar vasitəsi ilə istifadəyə verilməsi Azərbaycanın enerji ölkələrindən birinə çevrildiyini göstərir.  Prezident İlham Əliyev Azərbaycanın artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini bildirdi. Ötən il ərzində Azərbaycan 27 milyard kilovat/saat elektrik enerjisi istehsal etmiş və bunun 1.6 milyard kilovat/saat miqdarını ixrac etmişdir. Həm daxildə, həm də xaricdə ölkəmizin enerji gücünə olan tələbatın günü-gündən artması yeni enerji layihələrinin gerçəkləşdirilməsinə sövq edir. Azərbaycanın yerli imkanları hesabına nəhəng enerji obyektlərinin inşa edilməsi ölkənin həm maliyyə və texniki imkanlarından, həm də bu sahədə ixtisaslaşmış kadrlardan xəbər verir.  Ölkə Prezidenti müsahibəsində Azərbaycanın qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin getdikcə artdığını qeyd etdi. Ötən il ərzində Türkiyə, Rusiya, Gürcüstan və İrana 1.6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilmişdir. Neft, qaz və elektrik enerjisi hal-hazırda həm ölkənin həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Prezident İlham Əliyev Azərbaycanın bütün qonşu ölkələrə xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən nadir ölkələrdən olduğunu vurğuladı.  Keçən illər ərzində həyata keçirilən layihələrin uğurlu olması, ölkə iqtisadiyyatının olduqca möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir. Bu isə xarici investorların Azərbaycanın gələcəyinə inanması və daha çox investisiya layihələrində iştirak etmək istəklərinin artmasına gətirib çıxarır.  Keçən ay dünya enerji nəhənglərindən biri kimi tanınan ACWA Power şirkəti ilə Azərbaycan arasında yeni kontrakt imzalandı. Bu kontrakt əsasında 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyuldu. Stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır. BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Elektrik stansiyasının tikintisi ilə bağlı  Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar başlayıb. Mazdar Şirkəti bərpa olunan enerji mənbələrinin işlənməsi sahəsində Yaxın Şərqin ən böyük şirkətlərindən biridir. Qız qalası su anbarında İranla bərabər 280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi planlaşdırılır. Görülən bütün bu işlər Azərbaycanın bərpa olunan enerji potensialının hər gün bir az daha artmasını göstərir. Azərenerjinin hal-hazırda 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Bundan başqa azad edilmiş torpaqlarda keçən il Güləbird, Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Belə bir qısa müddət ərzində həyata keçirilən bu qədər layihələrin miqyasını təsəvvür etmək o qədər də çətin olmamalıdır. Cari il ərzində isə 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin isə bərpa olunan enerji potensialının 150 min meqavatdan çox olduğu təsdiq edilmişdir. Ölkənin iqtisadi və sənaye potensialı günü-gündən artmağa davam edir. Ötən il iqtisadiyyatımız 5 faizdən çox artmışdır. Qeyri-neft sektorunun sənaye istehsalında isə təxminən 20 faiz artım müşahidə edilmişdir. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalında isə 24 faiz artım hesablanmışdır. Bu isə rekord göstəricidir. Zaman keçdikcə artmağa davam edən neft və qeyri-neft ixracı, xüsusilə də enerji və qaz ixracı ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Ölkəmiz artıq sadəcə neftdən, qazdan yox, həm də elektrik enerjisinin ixracından valyuta qazanmağa davam edəcək. Bunu sabitliyimizin qarantı hesab edə bilərik.

 

Hikmət Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Menecment kafedrasının assistenti