Cənub Qaz Dəhlizi layihəsinin önəmi və iştirakçıları Fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda çıxış etmiş XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa ölkələri üçün nə dərəcədə əhəmiyyətli olduğunu geniş şəkildə izah etmişdir. Prezident 2020-ci il dekabr ayının 31-də Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanmasını qeyd etdi və layihədə iştirak edən bütün tərəflərə təşəkkür etdi. Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq çalışmış və layihənin tamamlanmasında həvəslə iştirak etmişdir. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasında eyni zamanda dünyanın bir çox aparıcı beynəlxalq maliyyə institutları iştirak etmişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bnakı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Prezident çıxışında qeyd edib ki Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə Azərbaycan beynəlxalq bazarlara əsasən də Avropa bazarlarına qaz ixracını artıra bilib. Keçən il Azərbaycan bütövlükdə 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8.5 milyard kubmetrini Türkiyəyə, 7 milyard kubmetrini İtaliyaya, yerdə qalan hissəsini isə digər komanda üzvü olan ölkələrə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac etmişdir. Albaniya isə öz qazpaylayıcı şəbəkəsini tamamlamaq üzrədir. Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki Azərbaycan qazına başqa ölkələrdə, başqa bazarlarda da  ehtiyac var və biz bu tələbatı qarşılamağa hazırıq. Çünki, Azərbaycan hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Qeyd etmək lazımdır ki Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə təşkil edilmişdir. Bu dəfəki toplantıda bir çox nüfuzlu şəxslər o cümlədən Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistan nümayəndələri iştirak edirdi. Bu isə tədbirin nə dərəcədə əhəmiyyətli olmasını bir daha sübut edir.   Tədbirdə eyni zamanda Azərbaycanın bölgənin enerji sektorundakı aparıcı rolundan danışıldı. Avropanın enerji təchizatında Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilmişdir. Bundan əvvəl Azərbaycan bir neçə beynəlxalq enerji layihəsində əsas tərəf olmuşdur və rolunun öhdəsindən məharətlə gəlmişdir. Buna misal olaraq Bakı-Tiflis-Ceyhan neft və Balı-Tiflis-Qars qaz kəmərlərini qeyd etmək yerinə düşər.  Son dövrlərdə Rusiya ilə qərb arasında soyuq küləklərin əsdiyi bir zamanda Avropanın enerji təchizatının fasiləsiz həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu və Avropa üçün nə qədər vazkeçilməz bir ölkə halına gəlməsini bir daha sübut edir. Bu ölkəmiz üçün həm iqtisadi həm də siyasi baxımdan çox önəmlidir. Artıq bir çox beynəlxalq, istisadi hətta siyasi layihələrin həyata keçirilməsi üçün Azərbaycanın rəyi mütləq nəzərə alınır. Ölkəmiz böyük və əhəmiyyətli bir siyasi fiqura çevrilmişdir. Prezident çıxışında qeyd etmişdir ki Azərbaycan kifayət qədər geniş qaz ehtiyatlarına malikdir. Bizim isbat olunmuş qaz ehtiyatlarımız 2.6 trilyon kubmetrdir. Bu da onu göstərir ki Avropanın Azərbaycan qazına hələ çox ehtiyacı olacaq.   İkinci Qarabağ müharibəsindən sonra regiondakı siyasi reallıq əməlli başlı dəyişdi. Azərbaycan əlini gücləndirdi. Hər zaman ermənipərəst mövqe nümayiş etdirən Fransa belə artıq yeni reallığı qəbul etməyə başlayıb. Bunu fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən videogörüş də bir daha sübut etdi.

 

Hikmət Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Menecment kafedrasının assistenti