Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Qəsəbənin dəqiq salınma vaxtı məlum olmasa da, burada həm qədim abidilərə rast gəlirik. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılıb. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilib. Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi. 1992-ci ildən Hadrut Xocavənd rayonunun tərkibinə daxil edilib. Minlərlə Azərbaycanlının ölüm fərmanının verildiyi Hadrut hələ 1990-cı illərdən düşmənin maraq dairəsində idi. İrəvandan, Livan, Suriya və Fransadan gələn terrorçular burada yerləşmişdi. Onlar insanların evlərini yandırmaqla, hədə qorxu gəlməklə yaşayış yerlərindən didərgin salmaq istəyirdilər. Getdikcə onların vəhşilikləri daha da artırdı. İnsanları öldürüb yol kənarlarına atırdılar. Bununla da azərbaycanlıların yaşadığı kəndlərin işğalına start verilmişdi. Elə 1990-cı ildən başlayaraq azərbaycanlıların kəndə giriş-çıxışına icazə verilmirdi. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Hadrutu ələ keçirmişdi. Onlar “Ohanyan səddi”ni keçilməz bildikləri kimi, “Hadrut”u da alınmaz qala hesab edirdilər. Bu düşüncələr 27 sentyabr 2020-ci ilə qədər davam etdi. Çünki haqq savaşımızın 13-cü günündə artıq Hadrut Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.  2020-ci il oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-da isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Hadrud uğrunda təxminən 2-3 gün davam etdi. Amma bu asan yolla başa gəlməmişdi.Çünki Hadrut dağlıq relyefə malik o qədər çətin mövqedə yerləşir ki, onu azad etmək üçün dağı aşmaq lazım idi. Elə bu səbəbdən də ermənilər Hadrutu “alınmaz qala” hesab edirdilər. Heç bir ağır texnikanın aşa bilmədiyi bu dağı ordumuz texnikasız aşaraq, əzmlə, hünərlə döyüşərək, 30 ildə qurulmuş istehkam qurğularını dağıdaraq düşməni öz silah sursatlarını qoyub qaçmalarına məcbur etmişdi. Bu çətin əməliyyat ordumuz üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən - Laçın dəhlizindən və Qırmızı Bazar tərəfdən gözləyirdi. Hadrutda döyüşən qəhrəman hərbiçilərimizin danışdıqlarından sitat gətiərək bir neçə cümləni diqqətə çatdırmaq istəyirəm: ”Hadrutu azad etmək üçün Cəbrayılın Süleymanlı kəndindən, Hadrutun sol cinahından daxil olduq. Yolu bağladıq. Ara-sıra kiçik qruplar müqavimət göstərirdi. Artıq bir neçə saat sanra işıqlar söndü. Orada yaşayan insanların kənddən çıxması üçün komandanlıq tərəfindən icazə verildi. Kənd boşaldıldı. Qalan  bir neçə nəfərlik diversant qrupları tərəfimizdən məhv edildi ” - bu cümlələr elə bizim-Azərbaycan xalqının onlardan nə qədər üstün olduğunu  bir daha sübut etdi. Çünki biz, onlara Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Ballıqaya soyqrımlarını ermənilər üçün təkrar etmədik. Hadrutun azad olunması düşmənin bütün fikirlərini alt üst etmişdi. Onlar artıq, digər torpaqları da qaytaracaqlarına əmin idilər.Amma boyunlarına almaq istəmirdilər. Atəşkəs bəyanatından bir gün sonra burada Xocavənd rayonu baş polis idarəsinin qərargahı, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi yerləşdirildi.1 fevral 2021-ci ildə etibarən Hadrutda Füzuli Poçt filialının Müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyətə başladı. 15 martda qəsəbəni ziyarət etmiş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uzunluğu 43 km olan Hadrut -Cəbrayıl - Şükürbəyli və uzunluğu 13 km olan Füzuli - Hadrut iki avtomobil yolunun təməlini qoydu. 26 iyun 2021-ci ildə Hadrutda İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə 2021-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə gəldi. Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoydu. Hadrutun inkişafı ilə bağlı müxtəlif göstərişlər verən cənab prezident, həmçinin  buranı mədəniyyət və turizm mərkəzinə çevirmək əzminə sahib olduğumuzu da vurğuladı. Çünki Hadrut turizm üçün çox əlverişli təbiətə malikdir. Cənnətə bənzəyən meşələrə, çaylara, tarixi binalara sahibdir. Həmçinin ölkə rəhbəri kənddə əhalinin məşğuliyyəti üçün maldarlıq, bitkiçilik və üzümçülüyün  inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Ümid edirik ki, gün gələcək Hadrut qəsəbəsi beynəlxalq arenada ən gözəl turizm mərkəzinə çevriləcək. QARABAĞ AZƏRBAYCANDIR!  

 

Zeynəb Məmmədli

Azərbaycan Texnologiya Universitetinin

Turizm sənayesinin təşkili və ekologiya kafedrasının baş müəllimi