Hazırda Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib. Respublikamız müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olub. Təbii ki, son illərdə dünyada müşahidə edilən qlobal çətinliklər fonunda ölkəmizin inkişafla, iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirməsi ilə bağlı böyük uğurlar qazanmasını şərtləndirən bir sıra fundamental amillər sadalamaq mümkündür. Belə amillər sırasında Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi multikultural siyasətin önəmini xüsusi qeyd edə bilərik. Əlverişli tolerantlıq mühiti ölkəmizin milli gücünü artıran çox mühüm amil qismində çıxış edir. Tolerantlıq nümunəsi olan Azərbaycanda multikulturalizm xalqımızın həyat tərzi və dövlət siyasətidir. Dünyada milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar bərabər münasibətə və hörmətə layiqdirlər. Ancaq təəssüf doğuran haldır ki, XXI əsrdə bəşəriyyət yer üzündə ciddi qütbləşmə proseslərinə şahidlik edir. Dünyanın ayrı-ayrı bölgələrində tez-tez milli və dini zəmində münaqişələr, müharibələr baş qaldırır, diskriminasiya, islamofobiya, milli-dini ayrı-seçkilik kimi neqativ hallar artır. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən belə kədərli mənzərə ilə müqayisədə respublikamızda vəziyyət tamam fərqlidir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi və dövlət siyasətidir. Vətən müharibəsi bu fikri bir daha təsdiqlədi. Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların payı var. Bəli, Azərbaycanda milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir əsgər və zabit ötən ilki Vətən savaşında Birinci Qarabağ müharibəsində olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdi, ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə canlarından keçməyə hazır olduğunu döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdi. Vətən müharibəsində işğalçını Azərbaycan Ordusunun güc-qüdrətindən, döyüş ruhundan daha çox xalqımızın bu monolit birliyi, sarsılmazlığı da qorxudurdu, narahat edirdi. Ona görə də döyüş və diplomatiya meydanında məğlub olan düşmən savaş günləri feysbukda saxta profillər yaradaraq ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edir, bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa, ruh düşkünlüyü yaratmağa çalışırdı. Qırx dörd günlük ölüm-dirim savaşında Azərbaycanın parlaq qələbəsi Azərbaycan türklərinin, rusların, ləzgilərin, yəhudilərin, talışların, saxurların və s. çiyin-çiyinə bir amal uğrunda birliyinin, torpaq, Vətən, haqq ədalət yolundan çəkinməyərək mübarizə aparmağın nəticəsi idi. Ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərd-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazandılar. Qardaşlığın pozulmayacağını bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində şəhid olan Dmitri Solntsev Aleksandroviçin həyat yoluna nəzər salmaqla bunun şahidi ola bilərik. 1995-ci il aprelin 15-də Bakıda anadan olan, uşaq yaşlarında ana-atasını itirən Dmitri Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil almışdı. Azərbaycan Ordusunda hərbi xidmət keçmişdi. Ötən ilin may ayında isə TƏBİB-in tabeliyindəki müəssisədə biomühəndis vəzifəsinə qəbul edilmişdi. Dmitri Solntsev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsi, Füzuli və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Oktyabrın 25-də isə Qubadlıda qəhrəmancasına şəhid oldu. II Fəxri Xiyabanda torpağa tapşırıldı. D.Solntsev Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Dmitri Solntsev şəhidlik zirvəsinə yüksəldiyi gün özünün “Twitter” səhifəsində yazmışdı: “Azərbaycanın igid oğlu - əsgər Solntsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi”. Dmitrinin qısa ömrünə nəzər salanda 25 yaşlı şəhidin ürəyinin hər zaman Azərbaycanla döyündüyü, Azərbaycanla fəxr etdiyi aydın görünür. Bacısı Lyudmila deyir: “Dmitri vətənpərvər idi. Azərbaycanı qəlbən sevirdi. Ali məktəbi bitirəndən sonra qohumlarımızdan biri onu Rusiyaya işə dəvət etmişdi. Dmitri isə “Mən Bakısız, Azərbaycansız heç harda qala bilmərəm”,– söyləmişidi”. Vətən müharibəsində Azərbaycanda yaşayan Dmitri Solntsev kimi digər millətlərin gənclərinin doğma Qarabağın işğalçı ermənilərdən təmizlənməsində qəhrəmanlıq, şücaət göstərmələri barədə çoxsayda misallar çəkə bilərik. Lakin əsas məqsəd onların doğma yurdları uğrunda döyüşə cəsarətlə atılaraq, milli birlik, milli həmrəylik nümayiş etdirmələrini, əzmkarlıqla torpaqlarımızın hər qarışı uğrunda mübarizə aparmalarını diqqətə çatdırmaqdır. Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib: “Nəzərə alın ki, biz əks-hücum əməliyyatı həyat keçirirdik və düzənlikdən yüksəkliklər istiqamətində hərəkət edirdik. Əsas amil o idi ki, həmin əraziləri hətta görməyən gənclər sanki özlərinin doğma yurdları uğrunda döyüşürdülər. Biz Azərbaycanda yaşayan bütün millətlərin birliyinin şahidi olduq. Bu da bizim ən böyük sərvətlərimizdən biridir”. Bəli, Azərbaycanın ən böyük sərvətlərindən biri multikultural və multikonfessiyalı cəmiyyətin olmasıdır. Vətən müharibəsi zamanı bütün xalqların nümayəndələri son damla qanlarına qədər döyüşürdülər. Onlar Vətənləri uğrunda döyüşürdülər. Qürur verici haldır ki, Azərbaycan belə vətənpərvər vətəndaşlar yetişir. Müharibədən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 12-13 may tarixlərində keçirilən “Xarıbülbül” musiqi festivalı keçirildi. Tədbirin ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqisinin səsləndirilməsi böyük rəmzi məna daşıyır. 44 günlük Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri misilsiz fədakarlıqlar göstəriblər. Müharibədən sonra həmin xalqların işğaldan azad olunan Şuşada keçirilən festivalda qələbə sevincini bölüşməyə hər cür mənəvi haqları vardır. “Xarıbülbül” festivalı vasitəsilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajı bütün dünyaya çatdırıldı. Birlik və güclü ordu varsa, torpaq, Vətən bölünməz və işğal ediləməz!
Mehriban Tağıyeva
Azərbaycan Texnologiya Universitetinin
İctimai elmlər və multikulturalizm kafedrasının dosenti