Azərbaycan Texnologiya Universitetində 31 mart soyqırımının ildonümu qeyd edilib. Dövlət himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım tədbirində çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür - 1918-ci ilin 31 mart soyqırımından.  Həmin il, martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələndi. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbəri olduğu erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirdi, müsəlman ziyarətgahları yandırıldı, əhalinin əmlakı müsadirə edildi. İnsanlığa qarşı törədilən cinayət zamanı Bakının ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutub. Həmin vaxt ermənilər möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Digər çıxışçılar qeyd ediblər ki, Azərbaycanlılara qarşı başladılan soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmırdı. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən çox olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, Ulu Öndər Heydər Əliyev tariximizin bu qanlı səhifələrinin unudulmamasına nail olub. Müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. Dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının xatirəsinə həsr olunuş tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Ümumiyyətlə ermənilərin Azərbaycana qarşı törətdiyi sorqırımı ХVIII əsrin əvvəllərindən başlayır və geridə qoyduğumuz ilə qədər davam edib. 1992-ci ildə törədilən 26 fevral Xocalı soyqırımı, Ağdaban faciəsi, Ballıqaya qətliamı, 2020-ci ildə yaşanan Tərtər, Bərdə və Gəncə faciələri. Azərbaycan xalıq bu faciələri unutmayıb, unutmur və unutdurmayacaq.  Sonda 31 mart soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.