Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkəmizin uzun illər ərzində formalaşmış investisiya etibarlılığına xüsusi diqqət çəkərək bildirib:

“Transmilli böyük şirkətlərlə iş təcrübəmiz – bu da böyük üstünlükdür. Müsbət investisiya iqlimi. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. Deyə bilərəm ki, burada da nadir təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.” - Bu fikir Azərbaycanın müstəqillik dövründən formalaşdırdığı iqtisadi modelin yeni – rəqəmsal mərhələyə keçidinin məntiqi davamıdır.

 

Müstəqillikdən strateji tərəfdaşlıqlara

 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadi sabitliyin təmin olunması və xarici sərmayənin cəlbi istiqamətində sistemli addımlar atdı. 1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi transmilli şirkətlərlə əməkdaşlığın əsasını qoydu. Bu müqavilə və sonrakı enerji layihələri ölkəyə milyardlarla dollar investisiya cəlb edilməsinə, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə səbəb oldu. Neft-qaz sektorunda formalaşmış etibarlı tərəfdaşlıq modeli beynəlxalq şirkətlər üçün Azərbaycanın sözünə və imzasına sadiq ölkə olduğunu nümayiş etdirdi. Bu amil sonrakı illərdə qeyri-neft sektoruna da sərmayə axınını sürətləndirdi.

 

 Hüquqi baza və investisiya təhlükəsizliyi

 Azərbaycan investisiyaların qorunması üçün müasir qanunvericilik bazası formalaşdırdı, beynəlxalq konvensiyalara qoşuldu və sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratdı. Vergi və gömrük sahəsində islahatlar, sənaye parklarının yaradılması, azad iqtisadi zonaların təşkili ölkənin investisiya cəlbediciliyini artırdı. Xarici və yerli sərmayələrin bərabər qorunması prinsipi iqtisadi siyasətin əsas sütununa çevrildi. Nəticə etibarilə, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulub. Bu göstərici region üçün rekord səviyyədədir və ölkənin sabitlik və etibarlılıq imicini təsdiqləyir.

 

Enerjidən rəqəmsala: yeni mərhələ

 Son illər Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini prioritet elan edərək rəqəmsal transformasiyaya keçidi sürətləndirib. Elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal imza sisteminin tətbiqi, startap ekosisteminin formalaşdırılması, innovasiya mərkəzlərinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması şəffaflığın artmasına, vətəndaş məmnuniyyətinin yüksəlməsinə və korrupsiya risklərinin azalmasına gətirib çıxarıb. Eyni zamanda, beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq, məlumat mərkəzlərinin qurulması və süni intellekt, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi ölkənin yeni rəqəmsal arxitekturasının əsas elementləridir.

 

Qarabağ və Şərqi Zəngəzur – rəqəmsal inkişaf modeli

 İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycanın rəqəmsal inkişaf modelinin real tətbiq nümunəsidir. Müasir infrastruktur, yaşıl enerji həlləri və rəqəmsal idarəetmə sistemləri bu əraziləri regionun innovasiya məkanına çevirir. Bu layihələr bir daha göstərir ki, enerji sektorunda əldə edilmiş idarəetmə və tərəfdaşlıq təcrübəsi artıq rəqəmsal transformasiya sahəsində də tətbiq edilir.

  Azərbaycan 30 ildən artıq davam edən enerji layihələrində formalaşdırdığı etibarlı tərəfdaşlıq modelini indi rəqəmsal dünyaya daşıyır. Müstəqillik dövründə qurulan güclü hüquqi baza, investisiyaların qorunması mexanizmləri, transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi və iqtisadi sabitlik yeni rəqəmsal mərhələnin möhkəm təməlini təşkil edir. Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” yalnız texnoloji yenilənmə proqramı deyil, eyni zamanda, müstəqillikdən bu günə qədər formalaşmış iqtisadi etibarlılıq modelinin müasir davamıdır. Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də rəqəmsal inkişaf istiqamətində regionda aparıcı mövqe tutmağa iddialı strateji mərkəzdir.

 

 

 

Xəyalə Mürsəl

Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinin rəhbəri