Dünya azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli özünüdərkinin, azadlıq ideallarının və dövlətçilik düşüncəsinin təcəssümüdür. Bu tarix təsadüfi seçilməmiş, xalqımızın taleyində baş vermiş mürəkkəb və ziddiyyətli proseslərin məntiqi yekunu kimi formalaşmışdır. XX əsrin sonlarında milli azadlıq hərəkatının yüksəlişi, sovet imperiyasının dağılması və Azərbaycanın müstəqilliyə qovuşması dünya azərbaycanlılarının birliyi ideyasını real tarixi zərurətə çevirmişdir.

1989-cu il dekabrın 31-də Araz çayı boyunca sərhəd məftillərinin sökülməsi Azərbaycan xalqının bölünmüş taleyinə qarşı etirazın, milli birliyin və azadlıq arzusunun simvoluna çevrildi. Məhz bu hadisələr fonunda Dünya azərbaycanlılarının həmrəyliyi ideyası formalaşaraq ümummilli məzmun aldı. 1991-ci ildən etibarən bu gün dövlət səviyyəsində qeyd olunmağa başlandı və xalqın yaddaşında milli birlik günü kimi möhkəmləndi.

Bu tarixin ideoloji-siyasi məzmununun formalaşmasında və onun dövlətçilik konsepsiyasına çevrilməsində Ümummilli Lider Heydər Əliyevin rolu müstəsnadır. Heydər Əliyev həmrəyliyi yalnız emosional çağırış kimi deyil, uzunmüddətli strateji xətt, milli inkişafın əsas dayaqlarından biri kimi qiymətləndirirdi. Onun siyasi baxışlarında dünya azərbaycanlılarının birliyi müstəqil Azərbaycan dövlətinin güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi və milli maraqların qorunması ilə üzvi şəkildə bağlı idi.

Ulu Öndərin təşəbbüsü ilə dünya azərbaycanlılarının təşkilatlanması prosesi sürətləndi, diaspor fəaliyyətinə sistemli yanaşma formalaşdı. 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu istiqamətdə dönüş nöqtəsi oldu. Qurultayda Heydər Əliyevin səsləndirdiyi fikirlər azərbaycançılıq ideologiyasının əsasını təşkil etdi və milli birliyin ideoloji platformasını müəyyənləşdirdi. O, açıq şəkildə bəyan edirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü, müstəqil Azərbaycan dövləti dayanmalıdır.

Heydər Əliyevin konsepsiyasına görə, dünya azərbaycanlılarının həmrəyliyi milli kimliyin qorunması, ana dilinin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əsas vasitələrdən biridir. Bu baxış həm tarixi yaddaşa, həm də müasir qlobal çağırışlara əsaslanırdı. O, yaxşı anlayırdı ki, qloballaşma şəraitində milli varlığın qorunması yalnız güclü dövlət və təşkilatlanmış diaspora ilə mümkündür.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq təkcə keçmişin xatirəsi deyil, gələcəyə yönəlmiş milli ideyadır. Milyonlarla soydaşımız dünyanın müxtəlif ölkələrində yaşasa da, onları birləşdirən ortaq dəyər Azərbaycan dövlətçiliyinə bağlılıqdır. Bu birliyin ideoloji təməli isə məhz Heydər Əliyev tərəfindən formalaşdırılmış azərbaycançılıq məfkurəsidir.

Müasir Azərbaycan dövləti Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətti uğurla davam etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq milli maraqların müdafiəsində, informasiya mübarizəsində və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Dünya azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının tarixi yaddaşını, milli iradəsini və gələcəyə olan inamını ifadə edən əlamətdar gündür. Bu günün dövlət bayramına çevrilməsi isə Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin, milli ideyaya verdiyi böyük dəyərin və Azərbaycan dövlətçiliyinə sədaqətinin parlaq təzahürüdür.

 

Gülnarə İmamverdiyeva

Azərbaycan Texnologiya Universitetinin

Mətbuat xidmətinin multimedia üzrə mütəxəssisi