UTECA tələbələri Xocalı şahidi ilə tanış olublar Azərbaycan Texnologiya Universitetinin Oxu klubunun üzv tələbələri “Erməni zindanında 8 gün” kitabını mütaliə ediblər. Kitab sırf real hadisələr əsasında qələmə alınıb və Xocalı faciəsi zamanı əsir düşmüş 20 yaşlı rabitəçinin başına gətirilən müsibətlərdən bəhs edir. Müəllif Dürdanə Ağayeva 1992-ci ildə faciə gecəsi əsir götürülür. Özündən bir yaş kiçik qardaşını xilas etmək üçün qadın əsirlər dəyişdirilən zaman erməni zindadında qapı arxasında gizlənir. Əsl cəhənnəm də bundan sonra başlayır. Tələbələr iki günlük səsli mütaliədən sonra kitabın qəhrəmanı və müəllifi olan Dürdanə Ağayeva ilə videogörüntü ilə tanış olublar. Təəsürat dolu gənclər faciə gecəsi baş verənləri və əsirlik həyatında gördüyü məşəqqətləri bir daha şahidin dilindən eşidib, ona suallar ünvanlıyıb, müzakirə ediblər. Oxucular soyqırım həqiqətlərini gənc nəslə və dünyaya çatdırdığı üçün Xocalı şahidinə minnətdarlıq ifadə ediblər. Sonra kitabsevərlər Gəncədə yerləşən Qarabağ İgidləri Muzeyini ziyarət ediblər.   523 dəfə oxunub