Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu baş tutub.

Təlim kursunda Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universitetindən ümumilikdə 20 əməkdaş iştirak edib. Təlimlərdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova, aparıcı mütəxəssisi İlahə Qurbanova, İnnovasiya mərkəzinin direktoru Şamo Salayev, Ümumi və tətbiqi fizika kafedrasının assistenti Nilufər Orucova təmsil ediblər.

Kurs çərçivəsində təlimçi Gülşən Bayramova ali təhsildə beynəlmiləlləşmə, Erasmus+ layihələri və həmin layihələrin yazılması, layihə dizaynı, tərəfdaşların seçilməsi və layihə büdcəsinin hazırlanması mövzuları barədə geniş məlumat verib, qrup işləri təşkil edib. 

Növbəti mərhələdə universitet əməkdaşları üçün 1 ay müddətində mentorluq proqramı həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qaliblərindəndir.

Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır.