Azərbaycan Texnologiya Universitetində ECAR layihəsi çərçivəsində Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin növbəti iclası keçirilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetində (ATU) Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin hibrid formatda növbəti iclası keçirilib. 

İclasda ATU-nun tədris işləri üzrə prorektoru dos.Raqif Hüseynov iştirakçıları salamlayaraq bu layihənin təhsilin beynəlmiləlləşməsi, eləcə də rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına əhəmiyyətli dərəcədə dəstək verdiyini vurğulayıb.

15-ə yaxın ali təhsil müəssisəsindən məsul şəxslərin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, əvvəlki komitə sədri dosent Jalə Qəribova tərəfdaşlara müvafiq komitənin hesabatını təqdim edib, daha sonra Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov komitə sədri və sədr müavinlərinin yenidən seçkisi barədə iştirakçılara məlumat verib, müvafiq komitənin səsverməsi həyata keçirilib. 

İclasda ATU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova və layihə meneceri İlahə Qurbanova da iştirak edib.