Azərbaycan Texnologiya Universitetinin (ATU) kollektivi Bərdə terroru şəhidlərini yad ediblər
 
Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyevin rəhbərliyi ilə müəllim və tələbələrdən ibarət kollektiv Bərdə terroru şəhidlərini yad etmək üçün 28 oktyabr tarixində Bərdə şəhərinə səfər ediblər.
 
Bərdədə törədilən terror hücumları nəticəsində 26 dinc sakin şəhid olub. Onların arasında Azərbaycan Texnologiya Universitetinin 4-cü kurs qazi tələbəsi Qalib Hacıyevin atası Fazil Hacıyev də var. Qeyd edək ki, faciə baş verən zaman Qalib ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda döyüşürdü.
 
Səfər zamanı ATU kollektivi Qalibin atasının məzarını, eləcə də raket hücumlarına məruz qalan əraziləri, bu faciədə şəhid olmuş dinc sakinlərin xatirə lövhəsini ziyarət edib, önünə gül dəstələri düzüb, faciə qurbanlarının ruhuna dualar oxuyublar.