Azərbaycan Texnologiya Universiteti (ATU) ilə ABŞ-nin nüfuzlu Boston Universiteti arasında memorandum imzalanıb.
Bu məqsədlə Boston Universtitetinin Sahibkarlıq Fakültəsinin və Biznes İnnovasiya Mərkəzinin Direktoru Dr. Rana Qupta ATU-ya səfər edib. Rəhbər heyət və mütəxəssislərlə baş tutan görüşdə Boston Universiteti təmsilçisinə ATU-nun maddi texniki bazası, habelə tələbələrin tədris, karyera və sahibkarlıq imkanlarına çıxışı barədə ətraflı məlumat verilib. Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəddə texnoloji startap ekosisteminə dair beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, qarşılıqlı mübadilə proqramlarının təşkili, startap inkubasiyası və akselerasiyası üçün mentorluq proqramının yaradılması, texnoloji startap sahəsində fəaliyyət göstərən şirkətlər üçün bazar araşdırması və biznes imkanlarının müəyyən edilməsinə dair birgə əməkdaşlıq, eləcə də müsabiqə, hakaton və oxşar təbirlərin təşkil olunması nəzərdə tutulub.
Əməkdaşlıq memorandumu Asiya İnkişaf Bankı (AİB) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində imzalanıb.
Amerikalı mütəxəssis səfər çərçivəsində startapların qurulması, innovativ yanaşma, sahibkarlıq, biznes planın formalaşdırılması, bazara çıxış, marketinq planı mövzusunda təlimlər keçib.
Qeyd edək ki, "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.