Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov ötən semestr mübadilə proqramından yararlanan tələbələrlə görüşüb.

Y.Ömərov tələbələri təhsillərini xaricdə uğurla başa vurub qayıtmaları münasibəti ilə təbrik edərək onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. Xaricdə aldıqları təcrübə və təhsilin gələcək fəaliyyətlərində faydalı olacağını vurğulayan Y.Ömərov tələbələrin xaricdə yaşam və təhsilləri barədə təəssüratlarını dinləyib, qazandıqları bilik və bacarıqları qarşıdan gələn tədris ilində tələbə yoldaşları ilə bölüşməyi tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi 2022/2023-cü tədris ilinin yaz semestrini Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın müxtəlif universitetlərində davam etdiriblər. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-cü kurs tələbələri Gürshad Hüseynov Silesiya Texnologiya Universitetində (Polşa), Fərid Musayev Şmalkalden Tətbiqi Elmlər Universitetində (Almaniya), dizayn ixtisasının 3-cü kurs tələbəsi Tariyel-Hicran Məmmədli Rumıniyanın İaşi Texniki Universitetində, 1-ci kurs magistr tələbəsi (MBA) Cəlal Həbibov isə Xaen Universitetində (İspaniya) təhsilinin bir hissəsini uğurla başa vurub.