İmtahan “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”ına uyğun həyata keçirilib. İxtisas imtahanında Azərbaycan Texnologiya Universitetinə sənəd təqdim etmiş, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamış, Gəncə Dövlət Universitetində (GDU) təşkil olunan fəlsəfə imtahanından məqbul qiymət almış əyani və qiyabi doktoranturaya namizəd olanlar iştirak ediblər. İmtahan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan cədvələ əsasən 11-12 sentyabr tarixlərində reallaşıb.

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i. e. dos. Yaşar Ömərovun sədrliyi ilə təşkil olunmuş komissiyalarda altı ixtisas üzrə imtahan keçirilib.

Fəlsəfə doktoru proqramı üzrə altı yerə qarşı doqquz namizəd iştirak edib. Həmin fəlsəfə doktoru proqramı üzrə dissertanturaya sənəd təqdim etmiş və xarici dil imtahanından keçid balını toplayan bir namizəd ixtisas fənnindən müsahibədə iştirak edib. İmtahanın nəticələri həmin gün namizədlərə elan olunub.