Bu məqsədlə Qəbələ Konserv Zavodunda baş tutan görüşdə kadr hazırlığı, əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər bir daha müzakirə edilib, təkliflər irəli sürülüb.
Əməkdaşlıq memorandumuna Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovla Qəbələ Konserv Zavodunun direktoru Özgür Demirkıran Qəbələ Qida Şəhərciyində imza atıblar.
Azərbaycan Texnologiya Universiteti Qəbələ Konserv Zavodu ilə 2023-cü ilin 5 aprel tarixindən əməkdaşlıq əlaqələri qurub. Bu müddət ərzində ATU-rektoru v.m.i.e. dos. Yaşar Ömərov nümayəndə heyəti ilə Qəbələ Qida Şəhərciyində səfərdə olub, müəssisədə infrastruktur, istehsalat prosesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və rast gəlinən problemlərlə yaxından tanış olub.
Qeyd edək ki, ölkə başçısı bu ilin aprelində Qəbələ Qida Şəhərciyində zavodun məhsulları ilə yaxından tanış olub. Müəssisə çipsi, meyvə şirəsi, nektar daxil olmaqla təxminən 100 çeşiddə məhsul istehsal edir. Zavodun "Chipsim", "Pepsi", "Jalə", "Natura", "Mia", "AQUA" kimi brendləri xarici bazarlarda da yer tutur.