Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsinə Mehman Kərimov təyin olunub. Kərimov Mehman İlham oğlu 21 noyabr 1993-cü ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2014-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin mühasibat uçotu və audit ixtisası üzrə bakalavr məzunu olub. Həqiqi hərbi xidmətdən sonra, 2016/2018-ci illərdə Hökumətlərarası Təqaüd Proqramı (HTP) ilə Macarıstan Respublikasının Kaposvar Universitetində regional və ətraf mühit iqtisadiyyatı ixtisası üzrə magistr təhsili alıb. Magistratura təhsil səviyyəsini fərqlənmə ilə başa vurduqdan sonra akademik karyerasını davam etdirərək HTP ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində doktorantura təhsilinə başlayıb. 2022-ci ildə “Birbaşa xarici investisiyaların Türkiyə iqtisadiyyatına təsiri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart, 2023-cü il tarixli qərarı ilə Ümumi iqtisadiyyat ixtisasında iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.Əmək fəaliyyətinə 2020-ci ildə ADAU-da assistent olaraq başlayıb. 13 senytyabr 2021-ci ildə həmin universitetin Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Akademik fəaliyyətini paralel olaraq davam etdirib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bir sıra qiymətləndirmə meyarları üzrə ekspert təlimlərini uğurla başa vuraraq həmin qurumun eksperti kimi fəaliyyət göstərir. 20-dən çox elmi əsərin müəllifi və həmmüəllifidir.