Azərbaycan Texnologiya Universitetinin tərəfdaş qismində çıxış etdiyi “Azərbaycan Rektorlar Konfransının yaradılması”-ECAR Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərinə baş tutub. 10-14 iyul tarixlərini əhatə edən səfər çərçivəsində tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransının, eləcə də və İspaniya ali təhsil müəssisələrinin, həmçinin Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübələri öyrənilib. Səfərdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Süleyman Turxan, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edib. Azərbaycan Texnologiya Universitetini sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov və Tədris şöbəsinin müdiri Raqif Hüseynov təmsil ediblər. Tədbirdə İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimatla çıxış edərək ünvanlanan sualları cavablandırıb. İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi prof. Angela Alcala isə məzmunlu təqdimatla çıxış edərək İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən sektorlararası münasibətlər və koordinasiyanın vacibliyindən danışıb. Yekunda sual-cavab sessiyası baş tutub, xarici ekspertlərlə faydalı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Bakı Biznes Universitetinin kordinatorluğu ilə reallaşdırılan “Azərbaycan Rektorlar Konfransının yaradılması”- ECAR Erasmus+ layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.