Bu gün Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Gəncədə Ümummilli liderin Anım günü ilə əlaqədar olaraq Heydər Əliyev abidəsi önündə yaşanan izdihama qatılıb. Universitet kollektivi abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra UTECA kollektivi Azərbaycan Texnologiya Universitetində dəyirmi masa ətrafına toplanıb. Əvvəlcə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov çıxışında qeyd edib ki, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür. Rektor Heydər Əliyevin Azərbaycan tarixində, eləcə də beynəlxalq aləmdə rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə danışıb. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb.Digər çıxış edənlər Ümummilli liderin həyat və fəaliyyətindən, Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən ərtaflı söhbət açıblar.