Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib Tədbir layihə çərçivəsində bu ilin 13-17 mart tarixlərində Mykolas Romeris Universitetinin (MRU) təşkilatçılığı ilə Litvada keçirilmiş səfər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub. Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra beynəlxalq təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş Tədris şöbəsinin müdiri Raqif Hüseynov, eləcə də Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev öz çıxışlarında Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.