UTECA IX Azərbaycan-Koreya dili nitq müsabiqəsində təmsil edilib. Bakı Dövlət Universitetində təşkil olunan tədbirdə Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op da iştirak edib. Müsabiqə iştirakçılarına uğurlar arzu edən səfir yarışın Koreya dilinin inkişafında böyük önəmindən danışaraq bildirib ki, bir ölkəyə sevgi və maraq onun tarixi və ədəbiyyatının çox oxunması ilə nəticələnir. Müsabiqədə Azərbaycan Texnologiya Universitetini Koreya dili müəllimi Ülviyyə Məmmədova və Turizm və otelçilik ixtisası I kurs tələbəsi Kənan Paşayev təmsil ediblər. Ülviyyə Məmmədova tədbirdə UTECA-da yeni yaradılmış Koreya Mədəniyyəti Mərkəzi və universitetdə Koreya dilinin tədrisi ilə bağlı təqdimatla çıxış edərək mövcud vəziyyət və gələcək perspektivlər barədə məlumat verib. Müsabiqə iki mərhələli şəkildə həyata keçirilib. UTECA tələbəsi Kənan Paşayev birinci mərhələdən uğurla keçərək ilk 10-luqda yer alıb. Səfir birinci mərhələdən keçən tələbələrin potensialını yüksək qiymətləndirərək hər birinin qalib olduğunu qeyd edib. Müsabiqədə, eyni zamanda, Samulnori (Koreya milli zərb alətləri) və K-POP rəqs performansı nümayiş etdirilib və lotereya oyunu keçirilib. Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində 2018-2019-cu tədris ilindən etibarən Koreya dilinin tədrisinə başlanıb və regionda ilk dəfə olaraq Koreya Mədəniyyət Mərkəzi yaradılıb.