4 aprel tarixində “StartapFest Gəncə” müsabiqəsində iştirak edəcək komandalarla görüş keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetinin komandaları elm və innovasiyalar üzrə prorektor əvəzi i.e.d.Mayıs Gülalıyevin rəhbərliyi ilə təmsil olunub.Tədbirdə Asiya İnkişaf Bankının (AİB) ölkədəki nümayəndəliyinin Layihə İdarəetmə qrupunun rəhbəri Raza Farrukh və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov açılış nitqi ilə çıxış ediblər. Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan görüşdə ilkin qiymətləndirmədən uğurla keçən, təşəbbüskar gənclərdən ibarət komandalar proqram çərçivəsində reallaşacaq təlim və seminarlar barədə məlumatlandırılıblar.Qeyd edək ki, “StartapFest Gəncə” müsabiqəsi Asiya İnkişaf Bankının təşəbbüsü ilə reallaşan, Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilən və Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu Texnoloji startapların təşviqi layihəsi çərçivəsində həyata keçirilir. Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən proqrama qatılmış 71 komandadan 15-i növbəti mərhələyə vəsiqə qazanıb ki, onlardan da 3-ü Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət komandalardır.Proqramın məqsədi regionda yaşıl enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan verməkdir.