Azərbaycan Texnologiya Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Qan yaddaşımız” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan olunan tədbirdə soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov “Qan yaddaşımız”, İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Zəminə Novruzova “XX əsrin əvvəllərində ermənilərin Naxçıvanda və İrəvanda törətdikləri qanlı hadisələr”, Lamiyə Bayramova “Qanla yazılmış yaddaşımız”, Qida mühəndisliyi fakültəsinin III kurs tələbəsi Namiq Muradov “İnsanlığın faciəsi”, başlıqlı məruzələrlə çıxış ediblər.Çıxışlarda 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsindən, nəticədə 12 minə yaxın azərbaycanlının amansızcasına öldürülməsindən, on minlərlə insanın itkin düşməsindən danışılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb. Nitqlərdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası xəttinin əhəmiyyəti vurğulanıb.Tədbirin sonunda 31 mart soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.