Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə "Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq" mövzusunda tədbir keçirilib. Tədbirdə ümumi işlər üzrə prorektor Rauf Bağırov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və digər əməkdaşları, eləcə də tələbələr iştirak edib.Tələbələr qarşısında çıxış zamanı dini radikalizmin fəsadları barədə fikirlər səsləndirilib, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin yeniyetmələrin, tələbələrin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib.Maarifləndirici tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.