Gəncə Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. ATU-da baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dos. Yaşar Ömərov bildirib ki, xüsusi gün münasibətilə baş tutan tədbir həm də maarifləndirici xarakter daşıyır. Y.Ömərov 44 günlük Vətən müharibəsi dövründə dinc əhalinin raket hücumuna məruz qaldığı zaman, eyni zamanda qardaş ölkə Türkiyədə baş verən təbii fəlakət zamanı FHN xilasedicilərinin müstəsna xidmətlərindən bəhs edib, universitetimizdə mülki müdafiə qərargahının fəaliyyət göstərdiyini, fənnin tədrisi prosesinə xüsusi yer ayrıldığını vurğulayıb.Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin nümayəndələri çıxış ediblər. Bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Hər il mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.Tədbirdə FHN əməkdaşları tələbələr qarşısında insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış ediblər. Əyani vəsaitlər, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx nümayiş olunub, tələbələrin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.