Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi ilə Azərbaycan Texnologiya Universiteti arasında görüş keçirilib. Azərbaycan Texnologiya Universitetində baş tutan görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.Görüş zamanı müvafiq sahə üzrə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, tələbələr üçün istehsalat təcrübəsinin təşkili, birgə tədqiqat işlərinin aparılması kimi bir sıra məsələlər ətrafında danışılıb, təkliflər irəli sürülüb.Müzakirələrdən sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla AYNA-nın Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənov əməkdaşlıq memorandumu imzalayıblar.Qeyd edək ki, AYNA ötən ilin oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində, avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb.