Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Gənclərə öz tövsiyələrini verən rektor bildirib ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması ölkə başçısının düşünülmüş siyasətinin nəticəsidir. Dövlət başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür.Çıxış edənlər Azərbaycan Gəncləri Gününün tarixindən, müstəqillik dövründən bu günə qədər gənclər siyasəti ilə bağlı görülən işlərdən, qəbul olunan dövlət proqramlarından, gənclər üçün yaradılan şəraitdən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycan Gənclərinin necə vətənpərvər olduğu 44 günlük Vətən müharibəsində özünü bir daha göstərdi.Tədbir çərçivəsində Universitetin Tələbə Gənclər Təşkilatının sədri Əli Məmmədov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən ilin TGT sədri seçilməsi münasibətilə, eləcə də bir qrup tələbə Azərbaycan Texnologiya Universitetinin ictimai həyatında, informasiya texnologiyaları sahəsində, idman sahəsində, startap layihələrində, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatında fəallığına görə təşəkkürnamə ilə təltif edilib, universitetin tərəfdaşlarından olan Kapital Bank tərəfindən hədiyyələr təqdim olunub.