Azərbaycan Texnologiya Universitetində 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici görüş keçirilib. Görüşdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə rektor müşaviri Şahmar Həsənov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilliyinin Gəncə Regional şöbəsinin rəhbəri Səbuhi Abbasov və QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının müdiri Afaq Əsədova iştirak edib.Onlar tələbələrə QİÇS xəstəliyi, QİÇS-in Azərbaycanda mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas həlli yolları haqqında məlumat veriblər. Bildirilib ki, QİÇS-ə yoluxmuş insanların immun-müdafiə sisteminin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulma və bu xəstəliklərin də ölümlə nəticələnir. Tələbələrə xəstəliklə bağlı hüquqi və təhlükəsizlik məsələlərinə dair əldə etdikləri məlumatları ətraflarında olan gənclərlə bölüşmək, QİÇS-lə bağlı mübarizədə aktiv olmaq tövsiyə edilib.Daha sonra tələbələr universitet ərazisində səyyar laboratoriyada könüllü müayinə edilib.Tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmaya dəstək olmaqdır. Universitet sözügedən xəstəliklə mübarizə istiqamətində tələbələrin məlumatlandırılması üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir.