Gənc Avropa səfiri (Young European Ambassador) Nərgiz Hacıyeva Azərbaycan Texnologiya Universitetində (UTECA) 21-22 noyabr 2019-cu il tarixində həmmüəllif olduğu “Doktoral Dissertasiyasını yazmaq haqqında metodik göstərişlər” (“Didactical Guidelines Handbook on Writing a Doctoral Dissertation”) adlı kitabın təqdimatını keçirəcək. Müəllif doktorluq işinin necə yazılması və başa çatdırılmasının spesifik xüsusiyyətləri haqqında mühüm göstəriş və məsləhətlər verəcək. Sözügedən metodik vəsait doktorant, dissertant, gənc müəllim və tədqiqatçılara fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertasiya işinə metodik dəstək verməklə yanaşı, metodoloji axtarış problemini asanlaşdırmaqda kömək edəcək.Nərgiz Hacıyeva 2014-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. O, 2017 Litva və Fransa Dövlət təqaüdü vasitəsi ilə Vitautas Magnus Universiteti və Fransanın Sciences PO Diplomatiya Məktəbi Beynəlxalq Münasibətlər və Diplomatiya İxtisasının magistr dərəcəsini də fərqlənmə diplomu ilə bitirib. Nərgiz Hacıyeva müxtəlif vaxtlarda Korvinus Universiteti Budapeştin nəzdində fəaliyyət göstərən, Şərqi Avropanın ilk siyasi-tarixi beyin mərkəzi olan Soyuq Müharibə Siyasi Tədqiqatlar İnstitutunda müstəqil tədqiqatçı və siyasi analizçi, Çexiya Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Münasibətlər İnstitutunda Şərqi və Mərkəzi Avropa Ölkələri Departamentində işləyib. Eyni zamanda, Mərkəzi Avropada ilk diplomatik akademiya olan Avropa Diplomatik Akademiyasının (European Academy of Diplomacy) “Avropa İttifaqının Xarici Siyasəti” adlı proqramının fəxri məzunudur. Bir çox xarici və yerli siyasi platformalarda 50-dən çox məqalə, 6 tədqiqat işi, Almaniyanın Düsseldorf şəhərində çap olunub, “İran və Türkiyənin Cənubi Qafqazda Enerji münasibətlərindən” bəhs edən kitabın müəllifidir. Akademik fəaliyyəti dövründə müxtəlif Avropa universitetlərində - Varşava universiteti, Avropa Humanitar Elmlər Universiteti, Vilnus Universiteti, Vitautas Magnus Universiteti, Varşava İqtisadiyyat Məktəbi, Korvinus Universiteti Budapest, Sciences PO, Azərbaycan Texnologiya Universiteti və digər universitetlərdə seminarlar həyata keçirib. 2019-cu ildə Avropa İttifaqı, Litva və Polşa Xarici İşlər Nazirlikləri tərəfindən təşkil edilən “Avropa Şərq Tərəfdaşlıq Proqramının gələcəyi” (The future of Eastern Partnership Programme) üzrə beynəlxalq məqalə müsabiqəsinin qalibidir. 2018-ci il “Beynəlxalq Münasibətlər və Asia üçün Harvard Layihəsinin Dövlət və Geosiyasət Panelinə” (HPAİR- Harvard Project for Asian and İnternational Relations) fəxri nümayəndə heyəti seçilib. İsveçrənin Cenevrə Universiteti Siyasi Elmlər Departamentinin “Democracy Net” gənc alimlər şəbəkəsinin və “Avstriyada yerləşən Innovation in Politics” Beyin Mərkəzinin üzvüdür. Avropa İttifaqı tərəfindən 2018-ci ildə Gənc Avropa Səfiri (Young European Ambassador) seçilib.Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq departamentinin Xarici Əlaqələr şöbəsinin əməkdaşı, UNEC Beynəlxalq İqtisadiyyat məktəbinin müəllimi (ingilis dilli), gənc doktorantıdır.