Noyabrın 25-də Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovun rəhbərliyi ilə nümayəndə heyəti Ağsu və Şamaxı şəhərlərində yerləşən sənaye müəssisələrinə baş çəkib.Nümayəndə heyəti Ağsuda "AzGranata" MMC-nin Şirə və Şərab Emalı Zavodunu, Şamaxıda isə “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksini gəziblər. Onlar bu müəssisələrin infrastrukturu, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.Nümayəndə heyətinə bildirilib ki, "AzGranata" Şirə və Şərab Emalı Zavodu il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlamaq gücünə malikdir. Süzmə xətləri saatda 4000 və 6000 şüşə istehsal edir. 200 nəfərə yaxın işçinin çalışdığı müəssisə Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz edilib.“Şirvan şərabları” üzümçülük və şərabçılıq kompleksi ilə tanışlıq zamanı isə bildirilib ki, müəssisənin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və ən yeni avadanlıqlarla təchiz olunub. Hazırda məhsullarını Çin, Yaponiya və Polşaya ixrac edən müəssisə tezliklə Almaniya, Rusiya və Amerika bazarlarına çıxmağı da hədəfə alıb. Universitetin nümayəndə heyəti kompleksdə şərabçılıq turizminin inkişafı üçün görülən işlərlə də yaxından tanış olub.Nümayəndə heyətinin tərkibində müvafiq fakültə və kafedraları Qida mühəndisliyi fakültəsinin dekanı dos. Mehman İsmayılov, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri prof. Əhəd Nəbiyev, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dos. Yusif Hümbətov və Qida mühəndisliyi fakültəsinin dekan müavini Nəbi Mehdizadə təmsil ediblər. Qeyd edək ki, səfər sözügedən müəssisələrlə əməkdaşlıq çərçivəsində baş tutub.