25 noyabr tarixində Azərbaycan Texnologiya Universiteti ilə Ağsu və Şamaxı şəhərində yerləşən sənaye müəssisələri arasında memorandum imzalanıb. Bu çərçivədə Ağsuda "AzGranata" MMC-nin Şirə və Şərab Emalı Zavodunda və Şamaxıda “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksində tərəflər arasında görüş baş tutub.
Görüş zamanı kadr tələbatı, kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.
Görüşlərin sonunda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla "AzGranata" MMC-nin Şirə və Şərab Emalı Zavodunun idarə heyətinin sədri Ceyhun Bəxtiyarlı və "Şirvan şərabları" üzümçülük, şərabçılıq və turizm kompleksinin baş direktoru Orxan Məlikov arasında əməkdaşlıq memorandumları imzalanıb.
Qeyd edək ki, açılışında Prezident İlham Əliyevin iştirak etdiyi "AzGranata" Şirə və Şərab Emalı Zavodu 2011-ci ildən fəaliyyət göstərir. Müəssisə Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir.
“Şirvan şərabları” üzümçülük və şərabçılıq kompleksi isə ölkə başçısının iştirakı ilə 2018-ci ildə istifadəyə verilib. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır.