Məmməd Cəfər Cəfərov universal ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının banisidir. Bu fikirlər Azərbaycan Texnologiya Universitetində görkəmli ədəbiyyatşünas və tənqidçi alim, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr edilən tədbirdə səsləndirilib.UTECA-nın rektoru, professor Akif Süleymanov Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından söz açaraq, dövlətimizin elm, mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğısından danışıb. Dövlətin gücünün onun yetişdirdiyi şəxsiyyətlərlə ölçüldüyünü deyən rektor həmin ziyalıların dəyərli fikirlərinin və elmə verdiyi töhfələrin gənc nəslə ötürülməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, Məmməd Cəfər Cəfərovun ədəbi-bədii irsi ilə yanaşı, ölkəmizin ictimai-siyasi inkişafında da zəngin irsə malik olduğunu diqqətə çatdırıb.Çıxış edənlər bildiriblər ki, görkəmli alim Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan sanballı əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid dəyərli kitabların müəllifidir. Görkəmli alimin ədəbiyyat tariximizin öyrənilməsində əvəzsiz xidmətlərindən söz açanlar onun Nizami Gəncəvi, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları haqqında apardığı tədqiqatların ədəbiyyat tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildiriblər.