Bayram tədbiri Ü.Hacıbəyovun “Koroğlu” uverturasının sədaları altında Azərbaycan Bayrağının böyük Akt zalına gətirilməsi ilə başlayıb. Dövlət Himni səsləndirilib və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Gəncə və ətraf rayonlardan olan qazilər, eləcə də Azərbaycan Texnologiya Universitetinin qazi tələbələri fəxri qonaq qismində iştirak edib. Onlar çıxış edərək Zəfər yürüşündə əldə edilən nailiyyətlərdən danışıb, Zəfər Gününün tarixinə nəzər salıblar. Qazilərin çıxışlarından sonra tədbir konsert proqramı ilə davam edib.Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin xor qrupu və musiqiçiləri, Xəmsə ritm qrupu və Gəncə Dövlət Filarmoniyasının solistləri musiqi nömrələri ifa ediblər. Həmçinin Azərbaycan Texnologiya Universiteti tələbələrinin vətənpərvər kompozisiyaları dinlənilib.Proqram çərçivəsində Azərbaycan Texnologiya Universiteti tələbələrinin iştirakı ilə Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunu əks etdirən fləşmob izlənilib. Ardınca nümayiş olunan - böyük Zəfər yolunu əks etdirən videoçarx zalda alqışlarla qarşılanıb.Tədbir çərçivəsində Dəmir Yumruq fləşmobunu təşkil edən Yüngül sənaye mühəndisliyi və logistika kafedrasının assistenti Mobil Qarayev və Zəfər Gününə həsr olunan rəsm sərgisinin qalibləri olan tələbələr təltif edilib.