Azərbaycan Texnologiya Universitetində İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib. “Azərbaycanda yerli özünüidarəetmənin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda baş tutan seminarın məruzəçiləri tələbələr olub.Universitet ərazisində yerləşən Şəhidlər abidəsi ziyarət edildikdən sonra ali təhsil ocağının həyətinə şəhid məzun və tələbələrin xatirəsinə fidanlar basdırılıb. Daha sonra seminar iştirakçıları auditoriyaya toplaşıblar. Seminar Avtomatika, telekommunikasiya və informatika fakültəsinin şəhid məzunları – Rahim Mikayılov və Nurlan Həsənovun vaxtilə dərs keçdikləri auditoriyada baş tutub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.Seminarda Azərbaycan Texnologiya Universitetinin şəhid məzunları Rahim və Nurlanın valideynləri və yaxınları, qazi tələbə və məzunlar, ətraf rayonların bələdiyyə sədrləri və nümayəndələri iştirak edib.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa bəxş etdiyi Zəfər Günündən bəhs edib. Daha sonra Y.Ömərov seminarın mövzusuna toxunaraq əhəmiyyətindən danışıb, tələbələrə və rəhbərlərinə uğurlar arzulayıb. İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri professor Füzuli Məmmədov çıxış edərək bildirib ki, ətraf rayonların bələdiyyə sədrləri və nümayəndələrinin iştirakı məruzəçi tələbələr üçün əlavə stimul olacaq.Seminar çərçivəsində şəhid məzunlar Rahim və Nurlanın valideynləri və ailə üzvləri də çıxış ediblər, şəhidlərin tələbəlik xatirələrini bölüşüblər. Tədbirdə masaların üzərində universitetin bütün şəhid və məzunlarının şəkilləri qoyulub. Onlara həsr olunmuş videoçarxlar nümayiş etdirilib.Tədbir zamanı Ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmədə rolu adlı qısametrajlı film nümayiş olunub. Daha sonra tələbələr - Asif Həsənov, Taleh Abbasov, Urfan Cəfərov, Nigar Hüseynova, Gündüz Abdullayev, Şəbnəm Yusifzadə, Əsmər Əlizadə, Aysel Qurbanova bələdiyyə və idarəetmə sahəsində müxtəlif məruzələrlə çıxış ediblər, rəhbərlərin və seminar dinləyicilərinin suallarını cavablandırıblar.Sonda məruzəçilər təltif edilib.