Azərbaycan Texnologiya Universitetində ictimai fikrin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə UTECA-nın rektoru, professor Akif Süleymanov çıxış edərək Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb. Əhməd bəy Ağaoğlunun xidmətlərindən danışan rektor bildirib ki, o, daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tutur. Digər iştirakçılar böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından söz açıblar. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Xarici dillər kafedrasının baş müəllimi Aysel Məmmədli, Xarici dillər kafedrasının baş müəllimi Zəminə Novruzova və tələbələr bildiriblər ki, Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.