Azərbaycan Texnologiya Universitetində 9 noyabr- Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov xatırladıb ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilən və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan üçrəngli bayrağımız 72 ildən sonra yenidən dövlət bayrağı kimi təsdiqlənib. Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilib. Bundan sonra 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis olunduğunu bildirən rektor bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmağın hər bir gəncin, vətəndaşın müqəddəs borcu olduğunu vurğulayıb. Sonra çıxış edənlər üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümum bəşəri ideallara sadiqliyi nümayiş etdirdiyini söyləyib, tarixi günlə bağlı fikirlərini bölüşüblər.