Bu gün güc amili ön plandadır Prezident İlham Əliyevin 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində  “Ağıllı kənd” layihəsinin açılışındakı nitqində Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, dövlət müstəqilliyimizin əldə olunduğu dövrdən etibarən müstəqil siyasət apara bilməsindən, bu gün iqtisadi göstəricilərimizin çox müsbət bir yöndə dəyişməsindən, Azərbaycanın hərbi gücündən, ümumiyyətlə, siyasi, iqtisadi, hərbi sahədə qazandığımız nailliyyətlərdən danışdı. Güc amilinin indiki şəraitdə hər zaman olduğundan daha çox ön planda dayandığını qeyd edən dövlət başçımız onu da xüsusi olaraq vurğuladı ki, beynəlxalq hüququn hər zaman işləmədiyi indiki dövrdə biz özümüzü aldatmamalıyıq, əksinə, daha güclü olmalıyıq ki, dünyada güc amili bundan sonra da  hakim olacaq. Bu gün Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer tutması Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, eləcə də, diqqətin məntiqi nəticəsidir. Məhz bu səbəbdən,  Azərbaycan ordusu həm döyüş texnikası, həm silah-sursat, həm də şəxsi heyətin əzmkarlığı, hərbi hazırlığı baxımından çox irəlidədir. Biz ordumuzun döyüş hazırlığını, müasir silah və texnilkalardan istifadə bacarığını, bütün döyüş şəraitlərinə uyğun şəkildə hərəkət edə bilmə qabiliyyətini 44 günlük Vətən müharibəsində gördük. Bütün bunlar hərbi təhsilin, təlim və tədris prosesinə qabaqcıl üsulların tətbiq edilməsinin nəticəsi idi. Əgər bu gün Azərbaycan öz ordusunu daxili imkanları hesabına silah və sursatla, hərbi texnika ilə təchiz edə bilirsə, bu hərb elminin günün tələbləri səviyyəsinə qaldırılmasının sayəsindədir. Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsində ordumuzun apardığı döyüş, istifadə etdiyi taktikalar dünyanın bir çox dövlətləri tərəfindən heyrətlə qarşılanıb və qısa müddətdə az itki verməklə düşmənə ağır zərbələr endirərək öz istəyinə nail olması dünya müharibə tarixində yeni yol kimi qiymətləndirilib. Dövlətimizin hərbi gücünü artırması sahəsində müharibədən sonra da gördüyü işlər – yeni silahlı birləşmələrin yaradılması, texnikaların alınması – gələcəkdə də bizim bir dövlət kimi gücümüzün əsas göstəricisi olacaqdır. Ermənistanı xaricdən nə qədər dəstəkləməyə, onlara havadar çıxmağa çalışanlar olsa da, bütün bunlar Azərbaycanı öz hədəfindən yayındıra bilmədi. Əksinə, özünün milli qüruru, ləyaqəti sayəsində xalqımız bir yumruq kimi birləşdi, bütün dünyaya nümunə ola biləcək həmrəylik göstərdi. İkinci Qarabağ müharibəsində bütün dünya bizim gücümüzlə yanaşı, dinc əhaliyə qarşı göstərdiyimiz münasibətlə, etnik təmizləmə aparmaq kimi mənfur bir niyyətdən nə qədər uzaq olmağımızla, yaşayış məkanlarını yerlə-yeksan etməməyimizlə mənəvi dəyərlərimizin də nə qədər yüksək olduğunu gördü.    Hal-hazırda postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlərin yarandığı bir zamanda ölkəmiz sülh tərəfdarı kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yerinə yetirilməsinə sadiqdir. Təbii ki, qarşı tərəfin də həmin Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini gözləməkdə tam haqlıyıq. Bu gün milli ordumuzun gücü, qüdrəti, misilsiz rəşadəti nəticəsində işğaldan azad etdiyimiz torpaqlarımızda infrastruktur layihələr dayanmadan həyata keçirilir. Dəmir yollarının, altı və dörd zolaqlı avtomobil yollarının çəkilməsi, Zəngilanda hava limanının tikilməsi, aqroparkların salınması torpaqlarımıza böyük qayıdışın göstəricisidir. Tezliklə cənnət Qarabağımızda həyat bərpa olunacaq, ata-baba yurdumuz gözəl günlərinə qovuşacaq.  Əbədi və əzəli torpaqlarımıza bu möhtəşəm qayıdışın əsl səbəbkarları olan şəhidlərimizin xatirəsi isə hər zaman bizim üçün əzizdir.    Baş müəllim

 

Zəminə Rəsul qızı Novruzova 

Azərbaycan Texnologiya Universiteti

                                                                  İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşı