Tədbirdə Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.                                  İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ölkəmizin azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlarımızın, canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, bu il mayın 28-də 104 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.  Ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət, Qarabağ zəfəri bir daha sübut etdi ki, Azərbaycan xalqı əzimlidir, Azərbaycan dövləti yenilməzdir. Bu bütöv müstəqil Azərbaycanın  daha da möhkəmləndiyinin əyani sübutudur.                                                                                                            Müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Daha sonra tədbirdə iştirak edənlərin çıxışları dinlənilib. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin  dövrün görkəmli  şəxsiyyətlərinin  fəaliyyətindən danışıblar.Tədbirin sonunda Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də Amerikanın səsi radiosuna müsahibəsi zamanı Azərbaycan xalqına etdiyi müraciəti səsləndirilib.